SİYASƏT
RUSİYA TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞIN SƏVİYYƏSİNDƏN RAZIDIR
Rusiya Təhlükəsizlik Şurasının katibi Vladimir Ruşaylo AZƏRTAC-ın müxbirinə verdiyi məxsusi müsahibədə demişdir: “Azərbaycan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığını müsbət və səmərəli adlandırmaq olar, çünki onlar həm ikitərəfli əsasda, həm də “Qafqaz dördlüyü” çərçivəsində daim əlaqə saxlayırlar”. Onun sözlərinə görə, hərbi təhlükəsizlik, hərbi-texniki problematika məsələləri kimi istiqamətlərdə, terrorizmlə mübarizə, informasiya və sənəd mübadiləsi məsələləri üzrə çox səmərəli iş gedir, bütün hüquq mühafizə strukturlarının və xüsusi xidmət idarələrinin xətti ilə qarşılıqlı fəaliyyət həyata keçirilir. Rusiya Prezidenti V.Putin təhlükəsizlik sahəsində Azərbaycanla əməkdaşlığa xüsusi əhəmiyyət verir, eləcə də “Qafqaz dördlüyü”nün rolunu yüksək qiymətləndirir.
V.Ruşaylo “Qafqaz dördlüyü”ndə münaqişə vəziyyətində olan iki dövlətin - Ermənistanın və Azərbaycanın iştirak etməsi faktının onun işinə mane olub-olmaması barədə suala cavabında demişdir ki, əsas vəzifələrdən biri, eləcə də “Qafqaz dördlüyü”nün vəzifəsi müxtəlif regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nəticələrini minimuma endirməkdir və “dördlüyün” bütün üzvləri razılaşırlar ki, bu problemləri siyasi üsullarla həll etmək lazımdır.
V.Ruşaylo Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsinin perspektivləri məsələsinə toxunaraq bildirmişdir ki, dövlətlərimiz arasında ən müsbət proseslər getdiyi bir vaxtda hərbi əməkdaşlığın səviyyəsindən tamamilə razı olduğumuzu demək çox çətindir, çünki bu əməkdaşlığın genişləndirilməsi üçün fəaliyyət meydanı həmişə var. O vurğulamışdır ki, dövlətlərimiz arasında mehriban qonşuluq münasibətləri mövcuddur, silahlı qüvvələr xətti ilə əməkdaşlıq var. Rusiya bu sahədə əməkdaşlığın inkişafına maraq göstərir, Rusiya Müdafiə Nazirliyinin ekspertləri də bu xətti əsas tuturlar. Məsələn, ekspertlər hərbi kadrlar hazırlanması sahəsində əməkdaşlıq haqqında məsələ üzərində işləyirlər, müəyyən əlavə qərarlar hazır olan kimi bu barədə məlumat veriləcəkdir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycanın hüquq mühafizə orqanları ilə konstruktiv qarşılıqlı fəaliyyətdən məmnun olduğunu bildirmişdir. Onun sözlərinə görə, Rusiya Azərbaycan tərəfi ilə həmişə, o cümlədən terrorizmə qarşı mübarzə ilə bağlı məsələlərdə dialoq aparmışdır. O demişdir: “Azərbaycanın bu istiqamətdə bizə göstərdiyi yardıma görə ona minnətdarıq”. V.Ruşaylo Azərbaycanın Daxili İşlər Nazirliyi ilə qarşılıqlı fəaliyyəti xüsusi vurğulayaraq, bildirmişdir ki, bu, ağır cinayətlər törətdiyinə görə axtarışda olan şəxsləri yaxalamağa imkan vermişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva