SİYASƏT
RUSİYADA DÖVLƏT DUMASI VƏ PREZİDENTSEÇKİLƏRİNƏ NƏ QƏDƏR VƏSAİT AYRILACAQ
AZƏRTAC-ın Moskvadan aldığı xəbərə görə, RF Mərkəzi Seçki Komissiyasının sədri Aleksandr Veşnyakov sentyabrın 4-də hökumətin iclasından sonra bu suala cavab verərək bildirmişdir: RF hökuməti Dövlət Dumasına seçkilərə hazırlığa və onların keçirilməsinə 3,5 milyard rubl ayırmışdır. Prezidentin seçki kampaniyasına isə 4,3 milyard rubl yönəldiləcəkdir.
O demişdir ki, deputatların seçki kampaniyasının aparılması üçün bütün pullar artıq daxil olmuşdur və hökumət RF Əmanət Bankına namizədlərin və siyasi təşkilatların hesablarını açmağı tapşırmışdır.
O ki qaldı prezident seçkilərinə, Maliyyə Nazirliyi seçkiqabağı kampaniya elan olunacağı gündən - dekabrın ortalarından başlayaraq, bütün lazımi vəsaiti seçki komissiyalarının hesablarına köçürəcəkdir.
Xatırladaq ki, Dövlət Dumasına seçkilər bu il dekabrın 7-də keçiriləcəkdir. Prezident seçkiləri isə gələn ilin mart ayı üçün nəzərdə tutulmuşdur.