RUSİYADA YAŞAYAN SOYDAŞLARIMIZ PREZİDENT HEYDƏR ƏLİYEVİN SİYASİ XƏTTİNİ DƏSTƏKLƏYİRLƏR
Saxa (Yakutiya) Respublikasındakı azərbaycanlı icmasının və Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) respublika təşkilatının sədri Rafiq Qafarov demişdir ki, rəhbərlik etdiyi icma burada yaşayan soydaşlarımızın hüquqlarını və mənafelərini qorumaq üçün səylərini artırır. Bir neçə il əvvəl bu sahədə çətinliklər olsa da, Azərbaycan Prezidenti Heydər Əliyevin həyata keçirdiyi siyasət və Rusiya ilə yaratdığı mehriban qonşuluq münasibəti nəticəsində indi vəziyyət dəyişmişdir. Yakutiyada yaşayan 1500-dən çox soydaşımız Prezidentimizin siyasətini bəyənir və müdafiə edir.
Voronej vilayətindəki “Birlik” Azərbaycan Cəmiyyətinin və ÜAK-ın vilayət təşkilatının sədri İlham Kazımov bildirmişdir ki, son illər Azərbaycan Prezidentinin diaspor təşkilatlarına diqqət və qayğısı nəticəsində onların işində nəzərəçarpan irəliləyişlər olmuşdur. “Birlik” Voronejdə soydaşlarımız üçün Azərbaycan dilində məktəb, mədəniyyət mərkəzi, muzey açmışdır. Voronejlə Bakı şəhəri arasında mədəni-iqtisadi əlaqələrin inkişafına dair sazişin layihəsi hazırlanır və yaxın vaxtlarda onun imzalanacağı gözlənilir. İcmanın köməyi ilə Voronejdə “Azərbaycan” adlı qəzet, “Birlik” jurnalı nəşr olunur, tezliklə vilayət televiziyasında Azərbaycanla bağlı 20 dəqiqəlik veriliş göstəriləcəkdir. Vilayətdə yaşayan 20 mindən çox həmvətənimiz dövlətimizin başçısı Heydər Əliyevin daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir.
Rostov vilayətindəki Azərbaycan icmasının və ÜAK-ın vilayət təşkilatının sədri Xanbaba Xanbabayev vurğulamışdır ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanla sıx əlaqə saxlayır. Burada yaşayan azərbaycanlılar öz milli adət-ənənələrini qoruyub saxlayır, Vətənimizdə baş verən prosesləri, müdrik Prezidentimizin rəhbərliyi ilə əldə olunan uğurları diqqətlə izləyirlər.
Hər üç icmanın rəhbəri bildirmişdir ki, Rusiyada yaşayan soydaşlarımız Azərbaycanın adını uca tutur, xalqımızın mənafeyinə zidd olan hər hansı bir addımın, siyasətin qarşısını ləyaqətlə almağa çalışırlar. Artıq Rusiyada fəaliyyət göstərən bir sıra erməni diaspor təşkilatlarının antiazərbaycan fəaliyyətlərinin qarşısı alınmışdır.
Respublikada yaranmış ictimai-siyasi və iqtisadi sabitliyin digər MDB ölkələri ilə müqayisədə daha möhkəm olduğunu vurğulayan diaspor nümayəndələri Azərbaycan xalqına müraciət edərək, qarşıdan gələn prezident seçkilərində dünya şöhrətli siyasətçi Heydər Əliyevi dəstəkləməyə çağırmışlar.