Şabrandakı təsərrüfatlarda 4 min başa yaxın camış saxlanılır
Xaçmaz, 7 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonundakı təsərrüfatlarda 4 min başa yaxın camış saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sovet dövründə Azərbaycandakı ən böyük camışçılıq təsərrüfatlarından biri Şabranda yerləşirdi. O vaxt rayondakı təsərrüfatlarda camışların sayı 5 min başdan çox olub.
Hazırda rayonda ən böyük camışçılıq təsərrüfatlarından biri Ağalıq kəndində yerləşir. Cannad Hacıyevə məxsus fermada min başdan yuxarı iri və xırdabuynuzlu mal-qara, o cümlədən 30 başa yaxın camış saxlanılır.
Təsərrüfat sahibi bildirib ki, Şabran rayonunda gəlirli heyvandarlıq sahələrindən olan camışçılığın inkişafı üçün geniş imkanlar var.
Camışçılığın əsas üstünlüyü ondadır ki, bu heyvanların ağartı məhsullarına tələbat çoxdur. Camış südünün yağlılığı çox yüksəkdir və inək südündən baha satılır. A vitamini ilə zəngin olan camış ətinin qiyməti ucuz olsa da, bir sıra xəstəliklərin müalicəsində geniş istifadə olunur. Camış digər ev heyvanları ilə müqayisədə xəstəliklərə qarşı da dözümlüdür.
Təsərrüfatda çalışan Fərhad Məmmədov bildirib ki, camışçılığı yenidən dirçəltmək üçün, ilk növbədə, geniş örüş sahələri ayrılmalıdır. Çünki digər heyvanlardan fərqli olaraq camışları tövlədə bəsləmək çətindir. “Çöldə otlayan camışlardan gündə 4-5 litrə yaxın süd sağmaq mümkündür. Əvvəllər Şabranın kəndlərində hər təsərrüfatda camış saxlanılardı. Amma indi örüş sahələri olmadığından kəndlilər tövlə şəraitinə daha uyğun olan heyvanları saxlayırlar. Camışların ağartı məhsulları sağlamlıq üçün çox xeyirlidir. Camışlara yem çox verildiyinə görə tövlədə onun otunu çatdırmaq olmur. Örüş zamanı isə bu problem yaşanmır”, - deyə təsərrüfatçı söyləyib.
Şabran Rayon Baytarlıq İdarəsinin rəisi Nizaməddin Əliyev bildirib ki, rayonun təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Hazırda rayonun Çölquşçu, Ağalıq, Güləmli kəndlərində camışçılıq təsərrüfatları var. Bu təsərrüfatlarda əsasən yerli cins camışlar saxlanılır.
Azərbaycanda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, dadlı qaymaq alınır.