SİYASƏT
Sadiq Qurbanov: Öz vətəndaşını qoruya bilməyən Fransa ölkəyə gələn yüz minlərlə idman həvəskarının təhlükəsizliyini təmin edə bilməz
![Sadiq Qurbanov: Öz vətəndaşını qoruya bilməyən Fransa ölkəyə gələn yüz minlərlə idman həvəskarının təhlükəsizliyini təmin edə bilməz](/files/2023/2/1200x630/168854336853478561_1200x630.jpg)
Bakı, 5 iyul, AZƏRTAC
Bu gün Fransada baş verənlərin səbəbini aydın şəkildə anlamaq üçün tarixə nəzər salmaq lazımdır. Fransa uzun illər boyu istismarçı siyasət həyata keçirərək Afrika xalqlarını əsarət altında saxlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Sadiq Qurbanov deyib.
O bildirib ki, Parisdə, Lionda və digər şəhərlərdə baş verən ixtişaşların əsl səbəbi əzilən xalqların nümayəndələrinin haqq və ədalət tələb etməsidir. Emmanuel Makronun dövründə Fransada demokratik ənənələr kobudcasına pozuldu, irqçilik və başqa xalqlara nifrətlə yanaşmaq siyasəti Fransanın özü üçün problem yaratdı.
İnsanların qəzəbinin səbəbi haqlarının pozulması, istismara və siyasi təzyiqlərə məruz qalmanın nəticəsidir. Makron hökuməti insanların problemlərini həll etmək əvəzinə onların qarşısına polisi çıxarır və aksiyaçılara qarşı qəddarlıq göstərilir. İş o yerə çatıb ki, 2024-cü ilin Yay Olimpiya Oyunlarının Fransada keçirilməsinin bu gedişlə mümkün olmayacağı müzakirə edilir. Öz vətəndaşının hüquq və təhlükəsizliyini qoruya bilməyən Fransa ölkəyə gələn yüz minlərlə turistin və idman həvəskarının təhlükəsizliyini təmin edə bilməz.
Sadiq Qurbanovun sözlərinə görə, beynəlxalq idman federasiyaları bu məsələni diqqətdə saxlamalı və müvafiq tədbirlər görməlidirlər. Ola bilsin ki, Yay Olimpiya Oyunları təxirə salınmasın. Lakin Fransada baş verənlər bu oyunlara baxmağa gələnlərin sayına və ümumiyyətlə Olimpiya hərəkatına kölgə salacaq.