İQTİSADİYYAT
“Şahdəniz” Konsorsiumu qaz nəqli üçün yekun təklifləri qiymətləndirməyə başlayır
Bakı, 1 aprel (AZƏRTAC). “Şahdəniz” konsorsiumu “Mərhələ 2” qazının Avropaya nəqli üçün “Nabukko” qaz boru kəməri (Nabucco Gas Pipeline International) və Transadriatik boru kəməri (TAP) layihələrindən aldığı yekun təklifləri qiymətləndirməyə başlamışdır.
Layihənin operatoru olan “bp-Azərbaycan” şirkətindən AZƏRTAC-a bildirmişlər ki, təqdim olunmuş sənədlər “Şahdəniz” Konsorsiumuna hər bir nəql variantı üzrə yekun qiymətləndirmə aparmağa və Avropaya ixracın üstün marşrutu haqqında tam məlumat əsasında qərara gəlməyə imkan verir. Avropa boru xətti üzrə yekun qərarın bu ilin iyun ayının sonunadək veriləcəyi gözlənilir.
Nəql təkliflərinə “Nabukko Qərb” və TAP layihələrinin texniki, inzibati-nəzarət, maliyyə və digər cəhətlərinə dair əsaslı məlumatlar daxildir. Konsorsium bununla müfəssəl dəyərləndirmə mərhələsinə daxil olur və bu mərhələdə təkliflər əvvəlcədən ictimaiyyətə açıqlanmış seçim meyarları əsasında qiymətləndiriləcəkdir. Həmin meyarlara kommersiya, layihənin həyata keçmə, maliyyə baxımından mümkünlüyü, mühəndis-layihə işləri, uyğunluq və şəffaflıq, təhlükəsiz və səmərəli istismar, mərhələlərlə genişləndirilmənin mümkünlüyü və strateji mülahizələr daxildir. Bu şirkətlərin hər biri ilə aydınlaşdırma görüşləri də keçiriləcəkdir.
Təqdim olunmuş nəql təkliflərinin 2013-cü il aprelin sonunadək hüquqi öhdəliyə malik olacağı gözlənilir. Növbəti ay ərzində “Şahdəniz” Konsorsiumu, həmçinin Avropadakı potensial qaz istehlakçılarından hüquqi öhdəlik yaradan təkliflər alacağını da gözləyir.
“Şahdəniz Mərhələ 2” layihəsi “Cənub qaz dəhlizi”ni açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaqdır. “Şahdəniz Mərhələ 2” layihəsinin “Mərhələ 1”-dən olan ildə təqribən 9 milyard kubmetr qaza, ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir.
Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının “Mərhələ 2” işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir. “Şahdəniz” qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcəkdir.