MƏDƏNİYYƏT
Şair Nəbi Borçalının 150 illik yubileyi qeyd olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşkilatçılığı ilə R.Behbudov adına Dövlət Mahnı Teatrında şair Nəbi Borçalının anadan olmasının 150 illik yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Borçalı aşıq mühitinin yetişdirdiyi görkəmli ədəbi simalardan olan şair Nəbi Borçalının həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Bu böyük söz ustadının şeirlərinin Xalq şairi Səməd Vurğunun da diqqətini çəkdiyini və məhz onun tövsiyəsi ilə mərhum folklorşünas alim Hüseynqulu Məmmədli, sonralar isə onun oğlu - tanınmış folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli tərəfindən əsərlərinin toplanıb nəşr etdirildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Nəbi Borçalının şeirləri təkcə Borçalı aşıqlarının deyil, digər aşıq mühitlərindən olan sənətkarların repertuarında da mühüm yer tutur.
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Əflatun Amaşov son illərdə aşıq sənətinə göstərilən diqqət və qayğıdan, Azərbaycan Aşıqlar Birliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən və Nəbi Borçalı kimi böyük saz-söz ustadlarının yaradıcılığının daim diqqətdə saxlanılmasının vacibliyindən danışıb.
Tədbirin bədii hissəsində aşıqlar Nəbi Borçalının şeirlərini ifa ediblər. Aşıqları balaban ustası Ələkbər Ələkbərov müşayiət edib. Bədii qiraətçilər - pedaqogika üzrə fəlsəfə doktoru, şairə Aynur Qafarlı və Azər İqrar şairin şeirlərini səsləndiriblər.
Sonda ağsaqqal ziyalı, iqtisad elmləri namizədi Əmirxan Babaşov yubilyarın yaxınları və doğmaları adından tədbirin təşkilatçılarına təşəkkür edib.