ELM VƏ TƏHSİL
“Salam, Rusiya!” proqramının iştirakçıları Samaraya səfər ediblər
Bakı, 16 avqust, AZƏRTAC
Bakıdakı Rus Evinin təşkilatçılığı ilə keçirilən və “Şuşa İli”nə həsr olunmuş rus dili üzrə XIV illik olimpiadanın, eləcə də gənc qiraətçilərin “Canlı klassika” beynəlxalq müsabiqəsinin qaliblərindən ibarət ikinci qrup “Salam, Rusiya!” proqramı üzrə Samaraya çatıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, gənc həmvətənlər Samara şəhərini kosmos, mədəniyyət, diyarşünaslıq və gözəllik vasitəsilə öyrənəcəklər. Onlar Samara vilayətinin görməli və maraqlı yerləri ilə tanış olacaq, özlərini rəssam, operator, rəqqas və artist rolunda sınayacaqlar.
Qeyd edək ki, “Salam, Rusiya!” proqramı “Rossotrudniçestvo” tərəfindən 2014-cü ildən bəri icra edilir. Hər il uzaq və yaxın xaricdən 14-19 yaş arası 700-dən çox həmvətənli tarixi vətənlərinin müasir həyatı ilə tanış olmaq, onun çoxmillətli mədəniyyətini hiss etmək, rus dilində təcrübəsini artırmaq və başqa ölkələrdə özlərinə dost qazanmaq məqsədilə Rusiyaya gəlir.