İQTİSADİYYAT
Salyan və Lənkəran elektrik şəbəkələrində qabaqlayıcı tədbirlər görülür
Bakı, 3 mart (AZƏRTAC). Salyan və Lənkəran elektrik şəbəkələrində (EŞ) qabaqlayıcı tədbirlər görülür.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, son aylarda Salyan EŞ-in balans mənsubiyyətinə aid şəbəkələrdə müxtəlif təyinatlı təmir işləri davam etdirilmişdir. Belə ki, ümumilikdə 1 kilometrə yaxın 10 və 0,4 kilovoltluq (kV) yeni elektrik verilişi xətləri (EVX) çəkilmş, 7,4 kilometrdən artıq xətt isə təmir edilmişdir. Eyni zamanda, 1 transformator məntəqəsi (TM) quraşdırılmış, 62 TM-də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və 20 transformator təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir.
Müvafiq tədbirlər Lənkəran EŞ-in xidməti ərazisində də həyata keçirilmişdir. “Smart” tipli sayğacların quraşdırılması ilə əlaqədar olaraq 6,4 kilometrdən artıq koaksal kabel çəkilmiş və 16 kilometrə yaxın 0,4 kV-luq elektrik verilişi xətləri SİP kabellə əvəz olunmuşdur. Həmçinin, ümumi uzunluğu 19,6 kilometrdən artıq 10 və 0,4 kV-lik xətlər yenidən qurulmuşdur. Eyni zamanda, 6 kilometrə yaxın EVX-lərdə də təmir işləri həyata keçirilmişdir.
Müəssisənin balans mənsubiyyətinə aid 11 TM-də yenidənqurma və 26 TM-də əsaslı və cari təmir işləri həyata keçirilmiş, 15 transformator təmir edilərək şəbəkəyə qoşulmuşdur.