MƏDƏNİYYƏT
Salyanda nəşr olunan “Qələbə” qəzetinin 90 illik yubileyi qeyd edilmişdir
Salyan, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Azərbaycanın qocaman mətbu orqanlarından olan “Qələbə” qəzetinin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Azərbaycan mətbuatının hamisi, ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə əklil və gül dəstələri qoymuşlar.
Bayram tədbirində “Qələbə”nin baş redaktoru Rüstəm Məlikov qəzetin keçdiyi tarixi yol haqqında məruzə etmişdir.
Bildirilmişdir ki, 1924-cü il fevralın 21-də qəzetin ilk nömrəsi “Qırmızı Muğan” adı ilə işıq üzü görmüş və indiyədək 8300 nömrəsi çapdan çıxmışdır. Müxtəlif illərdə “Sosializm yolu”, “Məhsul” adı altında nəşr olunmuşdur. 1965-ci ildən isə qəzet “Qələbə” adı ilə buraxılır.
Salyanın ictimai-siyasi və mədəni həyatının salnaməsinin yaradılmasında bu mətbu orqanının əvəzsiz xidmətlərindən danışan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov yaradıcı kollektivi yubiley münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır. Heydər Əliyev Muzeyində Ulu Öndərin Salyandakı görüşlərini əks etdirən “Qələbə” qəzetinin hər nömrəsinin çox qiymətli tarixi sənəd kimi qorunmasının vacibliyini diqqətə çatdıran icra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin tapşırığı ilə rayonda həyata keçirilən infrastruktur layihələrinin də qəzetdə peşəkarlıqla işıqlandırılmasını xüsusi qeyd etmişdir.
Ölkəmizdə mətbuata dövlət qayğısından danışan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşaov və başqaları da mətbuat orqanının ünvanına xoş sözlər söyləmişlər.
Sonda qəzetin bir qrup əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanı təqdim edilmişdir.