SAMARA VİLAYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ
N.İbrahimov demişdir ki, Rusiyada ən çoxsaylı Azərbaycan diasporlarından biri Samara vilayətindədir və Komitə Rusiyanın sosial siyasətinə qarışmadan həmvətənlərin həyatını və məişətini yaxşılaşdırmaq üçün əlindən gələni əsirgəmir. Bu məsələ ümummilli liderimiz Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur, Prezident İlham Əliyev də buna böyük əhəmiyyət verir.
Azərbaycan diasporunun sədri Şirvan Kərimov bildirmişdir ki, Samara vilayətində həmvətənlərimizin sayı, rəsmi məlumata görə, 15 min nəfərə (qeyri-rəsmi məlumata görə 68 min) çatır. Azərbaycanlılar vilayətin ictimai-siyasi həyatından da kənarda qalmırlar, onların bir çoxu hakimiyyətin, əslində, bütün qurumlarında məsul vəzifələr tutur.
Gənclər siyasəti üzrə mədəniyyət naziri Olqa Rıbakova bildirmişdir ki, Bakıya böyük heyətlə gəlmişlər və onlar təkcə paytaxtda tədbirlər keçirməklə kifayətlənməyəcəklər. Proqramda rayonlara, o cümlədən İsmayıllıya səfər, İvanovka kəndində konsert vermək nəzərdə tutulur.
Nümayəndə heyətinin üzvləri həmin gün dənclər və idman nazirinin müavini İntiqam Babayevlə də görüşmüşlər. Görüşdə Azərbaycanın və Samara vilayətinin gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi, yay düşərgələrində istirahətin, idman yarışlarının təşkili ilə əlaqədar birgə tədbirlər görülməsi məsələləri müzakirə olunmuşdur.