DÜNYA
Sankt-Peterburqda Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcəkdir
Moskva, 19 iyun (AZƏRTAC). İyunun 20-dən 22-dək Sankt-Peterburqda “Qlobal iqtisadiyyatın perspektivləri - qətiyyətli hərəkət vaxtıdır” devizi altında Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcəkdir.
Dünyanın 71 ölkəsindən 3669 nəfər həmin forumda iştirak edəcəyi təsdiqlənmişdir. Forumun proqramı dörd əsas tematik istiqamət üzrə tərtib olunmuşdur: “Davamlı iqtisadi artımın qlobal gündəliyi”, “Rusiya qlobal gündəmdə”, “Dəyişikliklərin yeni katalizatorları” və “Liderlərlə silsilə görüşlər: dünyanı dəyişən söhbətlər”.
“Davamlı iqtisadi artımın qlobal gündəliyi” istiqaməti qlobal iqtisadiyyata həsr edilmişdir. Bu mövzunun birləşdirdiyi sessiyalarda dünya iqtisadiyyatının inkişafını müəyyənləşdirən əsas amillər, habelə iqtisadiyyatın strukturunun dəyişdirilməsi və davamlı inkişafın stimullaşdırılması üçün zəruri tədbirlər müzakirə ediləcəkdir.
“Rusiya qlobal gündəmdə” adlanan ikinci istiqamət Rusiya iqtisadiyyatının inkişafı və qlobal dünyada Rusiyanın rolu məsələlərinə həsr edilmişdir. Bu sessiyada Rusiya sənayesinin və infrastrukturunun inkişafı, qlobal bazarda rəqabət potensialının artırılması, Rusiya regionlarının inkişafı, investisiya şəraitinin yaxşılaşdırılması, ali təhsil sahəsində dövlətlə özəl qurumların tərəfdaşlığı və Rusiya investisiyalar proqramı müzakirə olunacaqdır.
“Dəyişikliklərin yeni katalizatorları” mövzusu daxilində keçirilən sessiyalar cəmiyyətin qarşılaşdığı iqtisadi məsələlərin həllində mütərəqqi texnologiyalardan və innovasiya yanaşmalarından istifadə etməyin mümkünlüyü müzakirə olunacaqdır. Forumun proqramı çərçivəsində müasir səhiyyə sistemləri, qlobal artımın drayverləri olan şəhərlərin rolu, məlumatların ötürülməsi üçün müasir texnologiyaların inkişafı və gələcək üçün ixtisaslı kadrlar bazasının yaradılması məsələləri ön plana keçəcəkdir.
“Liderlərlə silsilə görüşlər: dünyanı dəyişən söhbətlər” istiqaməti çərçivəsində aparıcı ekspertlər biznes, texnologiyalar və siyasət sahəsində dünyada yaranmış vəziyyətə münasibət bildirəcəklər.
Peterburq Forumu çərçivəsində ənənəvi “Enerji şirkətləri sammiti” keçiriləcəkdir. Dünyanın ən iri şirkətlərinin rəhbərlərinin və ekspertlərinin iştirakı ilə ildə bir dəfə keçirilən bu forum dünya enerji birliyinin əsas tədbirlərindəndir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva