“Sarmaşıqlı məzarlar” filminin təqdimatı olub
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində “Sarmaşıqlı məzarlar” sənədli filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilən təqdimat mərasimində Bilik Fondunun icraçı direktoru Oktay Səmədov maarifçilik işinin həyata keçirilməsində sənədli filmlərin rolundan danışıb. Bildirilib ki, “Aranfilm”in çəkdiyi “Sarmaşıqlı məzarlar” filmi 1918-ci ilin martında Azərbaycana köməyə gəlmiş və döyüşlərdə şəhid olmuş türk əsgərlərinin xatirəsinə həsr edilib.
Yaradıcılıq prosesində baş verən maraqlı məqamlardan danışan “Aranfilm”in bədii rəhbəri Tahir Tahiroviç sənədli filmlərin gənclərin dünyagörüşünün və elmi biliklərinin artırılmasında rolundan bəhs edib. O, filmin çəkilişlərinə göstərdikləri mənəvi və təşkilati dəstəyə görə Bilik Fondunun və Bakı Yunus Əmrə İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirib.
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində şəhid türk əsgərlərinin məzarlarının olduğunu deyib.
Sonra film nümayiş olunub. Filmdə babasının məzarını axtarıb tapmağa gəlmiş türkiyəli gəncin ona bələdçilik edən araşdırmaçının köməyi ilə Azərbaycanın bütün bölgələrində olan naməlum türk əsgərlərinin məzarlarını ziyarət etməsi göstərilir. Bələdçi məzarların hər biri barədə məlumat verir.