İQTİSADİYYAT
Saxta reklam kampaniyasının qarşısı alınmışdır
Bakı, 10 iyun (AZƏRTAC). İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Sumqayıtda fəaliyyət göstərən, fiziki şəxs Cahid Hüseynova məxsus mağazada yoxlama aparmışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilmişdir. Mağazaya məxsus reklam xarakterli bukletlərdə “Technom, Tələsin! Qiymətlərin ağını çıxartdıq”, “Technom, Tələsin! Qiymətlərdə endirim” və mağazaya məxsus küçə reklamında “Technom, tələsin, bayramda hər şey su qiymətinə, kreditlə alış-veriş et, hədiyyə qazan” məzmunlu reklamların yayımlanmasına baxmayaraq, mağazada satışda olan malların qiymətinə heç bir endirimin tətbiq edilmədiyi və hədiyyə kampaniyasının həyata keçirilmədiyi aşkar olunmuşdur.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.