SİYASƏT
SEÇKİ SİSTEMLƏRİ ÜZRƏ BEYNƏLXALQ FONDUN BAKI OFİSİNDƏ MƏTBUAT KONFRANSI
Mayın 13-də Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Bakı ofisində kütləvi informasiya vasitələri nümayəndələri ilə görüş keçirilmişdir.
Fondun Azərbaycandakı nümayəndəsi Çarlz Laşam bu təşkilatın ölkəmizdəki fəaliyyətindən danışmışdır. Onun dediyinə görə, Fond artıq 4 ildir ölkəmizdə dairə və məntəqə seçki komissiyalarına hərtərəfli metodiki və sosioloji kömək göstərir. Fond bələdiyyələrlə də əməkdaşlıq edir. Belə ki, aprelin 22-23-də Bərdə, İsmayıllı, Masallı rayonları, Bakı şəhərinin Xətai rayonu və Mingəçevir bələdiyyələrinin on üzvü üçün yerli özünüidarə məsələlərinə dair seminar keçirilmişdir. Bu, seminar iştirakçılarına Fondun fəaliyyəti ilə yaxından tanış olmaq, habelə öz aralarında əlaqə yaratmaq imkanı vermişdir. Çarlz Laşamın fikrincə, əhalinin müxtəlif qrupları arasında maarifləndirmə işi aparmaq, onları digər ölkələrin seçki sistemləri ilə tanış etmək, müxtəlif treninqlər keçirmək Fondun başlıca vəzifələrindəndir.