Şəhid Zaur İsmayılzadənin xatirəsinə həsr edilmiş anım tədbiri olub
Bakı, 30 iyul, AZƏRTAC
Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda Vətən müharibəsi şəhidi Zaur İsmayılzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Güllü Eldar Tomarlı şəhid Zaur İsmayılzadənin keçdiyi şərəfli ömür yolundan, Vətənə sonsuz sevgisindən və döyüşlərdə göstərdiyi igidlikdən bəhs edib. O bildirib ki, torpaqlarımızın azadlığı, dövlətimizin müstəqilliyi və suverenliyi uğrunda canlarını fəda edən qəhrəman oğullarımızın əziz xatirəsinin daim yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gənc nəslə çatdırılması hər birimizin mənəvi borcudur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı Regional Xətai rayonu üzrə kuratoru Nuru İmanov, komitənin əməkdaşı Rəşadət Hidayətoğlu, Əbədi Turan Kitab Fondunun rəhbəri, filologiya elmləri doktoru Esmira Fuad, yazıçı Aqşin Ağkəmərli və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin İdarə Heyətinin üzvü Tərxanım Musayibqızı, Xətai Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov və şəhidin ailə üzvləri qəhrəman oğulların göstərdikləri şücaətdən danışıb, həmçinin vətənpərvərlik ruhunun və milli birliyinin ən ali təcəssümü olduğunu vurğulayıblar.
Anım tədbiri çərçivəsində şəhid Zaur İsmayılzadənin həyat və döyüş yolunu əks etdirən xüsusi xatirə guşəsi də təşkil olunub. Guşədə şəhidin müxtəlif dövrlərdə çəkilmiş fotoları, təltif olunduğu medal və ordenlər, eləcə də şəxsi əşyaları nümayiş etdirilib.
Sonda şəhidin qəhrəmanlıq yolundan bəhs edən videoçarx nümayiş olunub.