Şəkidə “Güclü ruh, böyük bacarıqlar” adlı sərgi açılıb
Şəki, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Şəki şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Güclü ruh, böyük bacarıqlar” adlı sərgi-ustad dərsləri təşkil edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsindən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin yaradıcılıq bacarıqlarını nümayiş etdirmək, onların cəmiyyətə inteqrasiya prosesinə dəstək olmaq və inklüzivlik dəyərlərinin ictimaiyyət arasında təbliğinə töhfə vermək olub.
Sərgi çərçivəsində təşkil edilən ustad dərsləri zamanı yaradıcı fəaliyyət nümayiş etdirilib, qonaqlar əlilliyi olan şəxslərin müxtəlif sahələr üzrə bacarıqları ilə yaxından tanış olublar.
Tədbirdə çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərdən söz açıblar. Qeyd olunub ki, bu kateqoriyaya aid şəxslərin rifahının yaxşılaşdırılması, onların təhsilə, işə və ictimai həyata inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindəndir.
Sonra Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdləri tərəfindən musiqi nömrələri təqdim edilib.