MƏDƏNİYYƏT
Şəkidə qoruq və tarixi abidələr üzrə mühafizəçilər üçün seminar-treninq
Bakı, 7 avqust (AZƏRTAC). Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə uyğun olaraq Şəki şəhərində Oğuz, Qax, Zaqatala və Balakən rayonlarını əhatə etməklə yerlərdə Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, təbliği və bərpası məqsədilə qoruq və tarixi abidələr üzrə mühafizəçilər üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda seminar-treninq öz işinə başlayıb.
Nazirliyin mətbuat xidmətindən AzətrTAc-a bildiriblər ki, tədbirdə iştirakçılara seminar-treninqin təşkilinin səbəb və məqsədləri barədə ətraflı məlumat verilib.
Mədəniyyət və Turizm Nazirliyi mədəni irs şöbəsinin sektor müdiri Könül Cəfərova bildirib ki, son vaxtlar ölkəmizdə tarix və mədəniyyət abidələrinin qorunmasına, bərpasına və təbliğinə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Ümid edirik ki, Şəkidə keçirilən bu tədbir də ölkəmizdə tarix və mədəniyyət abidələrimizin mühafizə və təbliği işi ilə məşğul olan şəxslərin nəzəri və təcrübi biliklərinin əhəmiyyətli dərəcədə artırılmasına imkan yaradacaq və müxtəlif rayonlardan olan mütəxəssislər öz aralarında səmərəli təcrübə mübadiləsi apara biləcəklər.
Vurğulanıb ki, avqustun 9-dək davam edəcək seminar-treninqə cəlb olunmuş dinləyicilər üçün mühazirələr oxunacaq.
Dinləyicilərin Şəkidə mövcud olan tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili də nəzərdə tutulub.