Şəmkirdə Aprel şəhidlərinin xatirəsi anılıb
Şəmkir, 6 aprel, Famil Quliyev, AZƏRTAC
Şəmkirdə Aprel şəhidlərinin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tapqaraqoyunlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olan polkovnik Vüqar Yusifovun doğulduğu Şiştəpə kəndindəki məzarı önündə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov igid oğullarımızın qəhrəmanlıqlarından danışıb. Ordumuzun Aprel döyüşlərində qazandığı qələbədən söz açan icra hakimiyyətinin başçısı qeyd edib ki, mənfur düşmən Azərbaycan əsgəri qarşısında 3-4 gün belə dayana bilmədi. A.Məmmədov üçrəngli Azərbaycan bayrağının tezliklə Şuşada, Xankəndidə və qədim Azərbaycan torpaqlarında dalğalanacağına əminliyini bildirdi.
Digər çıxış edənlər Vüqarın keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışıblar.
Qeyd edək ki, polkovnik Vüqar Yusifov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətinə görə” ordeni ilə təltif olunub.
X X X
Şəmkirlilər Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Təbriz Əsgərovun anım mərasimində də iştirak ediblər.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov qeyd edib ki, bu günlər tarixdə Azərbaycan üçün qürurlu və məğrur gündür. Çünki düz iki il bundan əvvəl mərd oğullarımız düşmənə layiqli cavab verərək, qəhrəmanlıq salnaməsi yazdılar.
Çıxış edənlər qəhrəman əsgərimizin qısa, lakin mənalı ömür yolundan söz açıb, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını bildiriblər.
Qeyd edək ki, çavuş Təbriz Əsgərov ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunub.