İDMAN
Şəmkirdə Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı cüdo yarışları keçirilmişdir
Şəmkir, 24 fevral (AZƏRTAC). Şəmkir Olimpiya İdman Kompleksində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Əvvəlcə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, 2008-ci il Pekin yay olimpiya oyunlarının mükafatçısı Mövlud Mirəliyev və başqaları çıxış edərək 20 il əvvəl ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırımından, keçmiş sovet ordu birləşmələrinin köməyi ilə həyata keçirdikləri vandalizm aktlarından danışmışlar. Bildirilmişdir ki, xalqımızın başına gətirilən bu müsibətlərin bir səbəbi də həmin dövrdə respublikamızda layiqli liderin olmaması idi. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi baş verə biləcək sonrakı faciələrə son qoydu.
Anım mərasimindən sonra yarışlara start verilmişdir. 70 nəfərədək idmançının iştirak etdiyi və gərgin idman mübarizəsi şəraitində keçən yarışların sonunda qaliblərə xatirə medalları, diplomlar və qiymətli hədiyyələr verilmişdir.