İQTİSADİYYAT
Sənaye istehsalında artım müşahidə edilir
Naxçıvan, 28 yanvar (AZƏRTAC). Muxtar respublikada həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri də sənayenin üstün inkişafının təmin olunmasıdır. Bununla əlaqədar sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi fikir verilmişdir. Bu sənaye müəssisələrində daxili bazarın tələbatı ilə yanaşı, ixracyönümlü məhsulların istehsalı da artmışdır.
Naxçıvan MR Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, əgər 1989-cu ilin əvvəlində muxtar respublikada 40 sənaye müəssisəsi mövcud idisə, 2011-ci ilin əvvəlinə bu müəssisələrin sayı 11 dəfə artaraq 423-ə çatmış, 239 adda sənaye məhsulunun istehsalı təmin olunmuşdur. Görülmüş işlərin nəticəsidir ki, tarixən aqrar region kimi formalaşmış Naxçıvan Muxtar Respublikası hazırda sənayenin üstün inkişafı təmin olunan regiona çevrilmişdir. Bu özünü fakt və rəqəmlərin ifadəsində daha qabarıq göstərir. Belə ki, ötən il muxtar respublikada 318 milyon 565 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Bu, 2009-cu illə müqayisədə 44 faiz çoxdur. Sənaye məhsulu həcminin 91 faizini istehsal, 9 faizini isə xidmətlər təşkil etmişdir. Sahibkarlığın inkişafına, qeyri-dövlət sektorunun davamlı yüksəlişinə yönəldilmiş kompleks tədbirlərin nəticəsidir ki, istehsal olunan sənaye məhsulunun 88 faizi, yaxud 279 milyon 460 min manatlığı özəl sektorun payına düşmüşdür. Bu, əvvəlki illə müqayisədə 50 faiz çoxdur.