SİYASƏT
“Şərq Tərəfdaşlığı” ölkələrinə Vilnüsdə keçiriləcək sammitdə iştirak etmək üçün dəvət göndərilmişdir
Vilnüs, 16 oktyabr (AZƏRTAC). Litvanın xarici işlər nazirinin müavini Andryus Krivas çərşənbə axşamı “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin Litvadakı diplomatik missiyalarının rəhbərlərinə onların dövlətləri üçün “Şərq Tərəfdaşlığı”nın Vilnüsdə keçiriləcək üçüncü zirvə görüşünə dəvət məktubu vermişdir.
Litva Xarici İşlər Nazirliyindən (XİN) bildirmişlər ki, noyabrın 28-29-da Vilnüsdə keçiriləcək zirvə görüşünə dəvət Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna diplomatlarına təqdim edilmişdir.
Litva XİN-in mətbuat üçün açıqlamasında konkret olaraq kimin dəvət edildiyi göstərilmir.
Məktubları Litva Prezidenti Dalya Qribauskayte, Avropa İttifaqı Şurasının prezidenti Herman Van Pompey və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu imzalamışlar.
Görüşdə Ukrayna ilə assosiasiya üzvlüyü və azad ticarət barədə müqavilənin imzalanması, habelə həmin sənədlərin Moldova və Gürcüstan ilə paraflanması nəzərdə tutulmuşdur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs