ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda Milli Qurtuluş Günü qeyd edilib
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ölkəmizin 90-cı illərin əvvəllərində düşdüyü siyasi və iqtisadi böhran vəziyyətindən danışaraq, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə respublikanın ən çətin vaxtında hakimiyyətə qayıdışı nəticəsində ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu qeyd edib.
Akademik G.Baxşəliyeva Ümummilli Liderin qısa müddətdə ictimai asayişin bərpasına nail olaraq insanlarda gələcəyə böyük inam yaratdığını, ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu vurğulayıb. Akademik G.Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda göstərdiyi xidmətlərdən danışaraq, ölkəmizdə siyasi sabitliyin yaranmasının, azərbaycançılıq ideologiyasının yaranmasının və inkişafının, respublikamızın dünya birliyinə inteqrasiyasının Ümummilli Liderin adı ilə bağlı olduğunu deyib.
Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən akademik Gövhər Baxşəliyeva onun siyasətinin Prezident İlham Əliyev tərəfindən bu gün layiqincə davam etdirildiyini qeyd edib.
İnstitutun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu deyib. E.Mustafayev bildirib ki, ölkənin vətəndaş müharibəsi təhlükəsi altında olduğu bir dövrdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin şəxsiyyəti, onun özünəməxsus idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyası ətrafında birləşdi.
Tədbirdə Şərqşünaslıq İnstitutunun əməkdaşlarından siyasi elmlər doktoru Adil Mirabdullayev, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova, filologiya elmləri doktoru Lalə Əhmədova və Orxan Nəcəfov çıxış edərək, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın əldə etdiyi uğurlardan danışıblar, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.