SİYASƏT
SƏUDİYYƏ ƏRƏBİSTANINDA GÖRÜŞLƏR
Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Elman Araslı və səfirliyin bir qrup əməkdaşı bu ölkənin Əl-Qasım bölgəsində olmuşlar.
Azərbaycan diplomatları bölgənin əmiri Feysəl bin Bəndər bin Əbdüləziz, Uneyzə və Ər-Ras əyalətlərinin başçıları Abdulla Sleym, Mənsur Saleh və bölgənin digər rəsmi şəxsləri ilə görüşmüşlər. Diplomatlarımız Bureydə şəhərindəki dərman preparatları zavodu, elevator və kənd təsərrüfatı kolleci, həmçinin Uneyzə şəhərindəki xeyriyyə mərkəzi ilə tanış olmuşlar.
Səfir E.Araslı Əl-Qasım bölgəsinin ticarət-sənaye palatasının üzvləri qarşısında çıxış etmiş, ölkəmizin iqtisadi potensialından, Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin hazırkı vəziyyətindən ətraflı söhbət açmışdır.
Diplomatlar azərbaycanlı həkimlərin müqavilə əsasında işlədikləri Kral Fəhd adına mərkəzi xəstəxananın rəhbərləri ilə də görüşmüşlər. Bölgənin bir sıra rəsmi şəxsləri və ictimai dairələrinin nümayəndələri ilə keçirilən görüşlər də maraqlı olmuşdur. Diplomatlar bu görüşlərdə ölkəmizin tarixi, müasir həyatı, təbii ehtiyatları, mədəniyyəti və xalqımızın adət-ənənələri barədə ətraflı məlumat vermiş, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasından, bir milyon vətəndaşımızın yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşamasından, bu münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün aparılan danışıqlardan ətraflı bəhs etmişlər.
Elman Araslı Ermənistanın Azərbaycana təcavüzünü pislədiklərinə və ölkəmizin iqtisadiyyatının inkişafına göstərdikləri dəstəyə görə Səudiyyə Ərəbistanı krallığına və xalqına minnətdarlığını bildirmişdir.
Görüşlərdə Azərbaycan- Səudiyyə Ərəbistanı əlaqələrinin durmadan inkişaf etdirilməsindən razılıqla bəhs edilmiş, bu ölkənin iş adamlarının Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da sıxlaşdırılmasında maraqlı olduqları vurğulanmışdır. Ticarət-sənaye palatasının rəhbərliyi Azərbaycanla əlaqələri daha da genişləndirmək, ölkəmizə investisiya qoyuluşunu artırmaq məqsədi ilə Əl-Qasım bölgəsi iş adamlarının respublikamıza səfər etmək niyyətində olduqlarını nəzərə çarpdırmışlar. Görüşdə Səudiyyə Ərəbistanının Bureydə şəhərində Azərbaycan xalçaları sərgisinin açılması təklifi də irəli sürülmüşdür.