DÜNYA
Səudiyyə Ərəbistanından olan milyonçu dünyada ən hündür binanı Moskvada inşa edə bilər
Bakı, 18 iyun (AZƏRTAC). Səudiyyə Ərəbistanının şahzadəsi əl-Valid bin Təlal bin Əbdüləziz Al-Səud Moskvaya dünyanın ən hündür göydələninin tikintisi üçün mümkün məkanlardan biri kimi baxır.
Bu barədə məlumatı iyunun 18-də xarici KİV-lər yaymışlar.
Şahzadənin sözlərinə görə, “hazırda 1,6 kilometr hündürlüyündə qüllənin ucaldılması imkanları müzakirə edilir”. Şahzadə əl-Valid dünyanın ən iri paytaxtlarını və meqapolislərini göydələnin tikintisində iştirak etməyə dəvət etmişdir.
Moskvanın rəqibləri arasında Şanxay, London və Nyu-York şəhərlərinin adlarını çəkən səudiyyəli milyonçu demişdir: “Maraqlanan tərəflər bizə vergi imtiyazları və dövlət dəstəyi verməlidirlər”.
Yerli ekspertlərin hesablamalarına görə, dünyada ən hündür binanı inşa edənlər çətin həll olunan bir sıra problemlərlə üzləşəcəklər.
Göydələnin sonuncu mərtəbələrinə suyun çatdırılması həmin qəbildən olan problemlərdəndir. Bu, həm iqtisadi, həm də texniki nöqteyi-nəzərdən son dərəcə çətin işdir.
Göydələnin milyardlarla dollar məbləğində tikinti xərcləri də heyrət doğurur.
Layihəçilərin planına görə, bu qüllə hazırkı çempion, Dubay əmirliyində hündürlüyü 828 metr olan “Bürc Xəlifə” qülləsini geridə qoymalıdır.
Yeni qüllə Səudiyyə Ərəbistanı Krallığında hündürlüyü bir kilometr olacaq, inşası 2017-ci ildə başa çatacaq “Kindom tauer”ə də “meydan oxuyacaqdır”.