CƏMİYYƏT
Şeyxülislam Allahşükür Paşazadə KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının onlayn iclasında iştirak edib
Bakı, 25 iyun, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 25-də KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin Direktorlar Şurasının videokonfrans formatında keçirilən növbəti iclasında iştirak edib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə iclasda Azərbaycan, Qafqaz müsəlmanlarının səmimi salamlarını, xeyir-dualarını iştirakçıların diqqətinə çatdırıb.
KAİCİİD təşkilatının Baş katibi Feysal bin Müəmmar videokonfransın gedişində pandemiya səbəbindən öncədən nəzərdə tutulan görüşlərin müvəqqəti təxirə salındığını, lakin proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərin davam etdirildiyini vurğulayıb.
Tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sisteminin təkmilləşdirilməsi, o cümlədən, təşkilatın Cenevrə şəhərində nümayəndəliyinin təsis olunması, İndoneziya, Argentina, Nigeriyanın yeni üzvlər olaraq qəbul edilməsinə, Seneqalın öz namizədliyini irəli sürməsinə dair fikir mübadiləsi, KAİCİİD-in inkişaf strategiyası ətrafında müzakirələr aparılıb. Toplantının proqramına dinlərarası dialoqa dair beynəlxalq dövlətlərarası koordinasiya məsələləri, o cümlədən təşkilat yanında müşahidəçi statusunun alınması prosedurları, həmçinin beynəlxalq təqaüdlərin müəyyənləşdirilməsi kimi əhəmiyyətli məsələlər daxil idi. Ümumi rəy bundan ibarət oldu ki, videokonfrans müvəqqəti format kimi qənaətbəxşdir, lakin şərait imkan verən kimi canlı ünsiyyət şəraitində toplaşmaq məqsədəuyğundur.
Konstantinopol Ekumenik Patriarxatının Ekzarxı Mitropolit Emmanuelin sədrliyi ilə keçən onlayn iclasda KAİCİİD Təşkilatının Baş katibi d-r Feysal bin Müəmmar, Baş katibin müavini Alvaro Albasete və Beynəlxalq Mərkəzin məsul əməkdaşlarının iştirakı ilə baş tutan videokonfrans formatlı işçi iclas məhsuldar olub.
Məlumat üçün bildirək ki, KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzi Səudiyyə Ərəbistanı, İspaniya, Avstriya tərəfindən təsis olunub və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi beynəlxalq hökumətlərarası təşkilatdır. Qərargahı Vyana şəhərində yerləşir.