CƏMİYYƏT
Səyyar “ASAN xidmət”in Qusar rayonunda fəaliyyət müddəti uzadıldı
Qusar, 31 iyul (AZƏRTAC, Elxan Yusifli). Xəbər verdiyimiz kimi, səyyar “ASAN xidmət” iyulun 22-dən başlayaraq Qusar rayonunda fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, son 10 gün ərzində Qusar, Quba və Xaçmaz rayonlarından olan 1500 nəfərdən çox sakin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanıb.
Şimal bölgəsindən olan vətəndaşlar “ASAN xidmət”ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi ilə bağlı müraciət ediblər.
Agentlikdən bildirilib ki, əvvəlcədən “ASAN xidmət”in Qusarda fəaliyyətinin avqustun 1-dək davam etməsi nəzərdə tutulsa da bu müddət daha 3 gün uzadılıb. Ümumilikdə avqustun 4-dək bu regionun 3 rayonunun 415 mindən artıq sakini üçün “ASAN xidmət”dən yararlanmaq imkanı yaradılıb.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu ilin dekabr ayınadək səyyar “ASAN xidmət” vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin göstərilməsi nəzərdə tutulub.