CƏMİYYƏT
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hərbi Akademiyanın məzunları ilə görüşüb
Bakı, 30 iyul (AZƏRTAC). İyulun 30-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Silahlı Qüvvələrin Hərbi Akademiyasının 2014-cü il məzunları ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Qərargah rəisi məzunlar qarşısında çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib. O, Silahlı Qüvvələrdə aparılan islahatların mahiyyətini, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində nazirliyin rəhbərliyi qarşısında qoyulan göstəriş və tapşırıqları bir daha şəxsi heyətin diqqətinə çatdırıb.
Zabitləri əlamətdar gün münasibətilə təbrik edən general-polkovnik N.Sadıqov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrlərini, tələblərini və tövsiyələrini şəxsi heyətə çatdıraraq ordumuzun daha güclü, qüdrətli olması, düşmən üzərində qələbənin təmin edilməsi üçün qazandıqları biliklərin təcrübədə tətbiq edilməsi məqsədilə xidmətlərində və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.