DÜNYA
Şinzo Abe G20 sammitində iştirak etmək üçün Argentinaya gedir
Tokio, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Yaponiyanın Baş naziri Şinzo Abe G20 sammitində iştirak etmək üçün Argentinaya yola düşəcək.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, noyabrın 30-da işə başlayacaq sammit çərçivəsində Baş nazirin ABŞ, Çin və Rusiya liderləri ilə görüşləri nəzərdə tutulur.
Bu sammit ABŞ ilə Çin arasında ticarət müharibəsinin qızışdığı bir vaxta təsadüf edir.
Gələn il təşkil olunacaq növbəti sammitə ev sahibliyi edəcək Yaponiya lideri kimi Şinzo Abe dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün müzakirələrə rəhbərlik etmək niyyətindədir.
ABŞ Prezidenti Donald Tramp və Çinin sədri Si Cinpinlə təkbətək görüşlərdə isə o, ticari qarşıdurmanın dünya iqtisadiyyatına təsirini nəzərə alaraq, hər iki lideri qarşılıqlı mübahisələri yumşaltmağa çağırmağı planlaşdırır.
Baş nazir, həmçinin azad ticarətin inkişafına mane olan ədalətsiz praktikanın aradan qaldırılması üçün çağırış etmək niyyətindədir.
Bundan əlavə, Şinzo Abe D.Tramp ilə Hindistanın Baş naziri Narendra Modi arasında ilk dəfə keçiriləcək üçtərəfli sammitdə də iştirak edəcək. Görüşün məqsədinin azad və açıq Hind-Sakit okean regionunun mövcudluğuna Yaponiya və ABŞ-ın sadiqliyini nümayiş etdirmək olduğu bildirilir.
Rusiya Prezidenti Vladimir Putinlə son iki həftədə baş tutan görüşlərin ikinci raundu zamanı isə Baş nazir bu ölkələr arasında 1956-cı ildə qəbul edilən birgə bəyannamə əsasında sülh müqaviləsinin imzalanması ilə əlaqədar danışıqların sürətləndirilməsi üçün çərçivəni razılaşdırmaq niyyətindədir.
Həmin sənəddə sülh müqaviləsinin imzalanmasından sonra Moskvanın Habomay və Şikotan adalarını Yaponiyaya qaytaracağı nəzərdə tutulur.
G20 sammitindən sonra Ş.Abenin Uruqvay və Paraqvaya səfəri də planlaşdırılır. Bununla Ş.Abe həmin Cənubi Amerika ölkələrinə səfər edən ilk Yaponiya Baş naziri olacaq. Səfər çərçivəsində onun iqtisadi əməkdaşlıqla bağlı yüksək səviyyəli danışıqlar aparacağı bildirilir.
Baş nazirin səfərinin dekabrın 4-də başa çatacağı gözlənilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio