REGİONLAR
Şirvanda Novruz bayramı silsilə tədbirlərlə qeyd olunub
Şirvan, 20 mart, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı münasibətilə ümumşəhər bayram şənliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, sənaye müəssisələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhid ailələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə ehtiram olaraq abidə önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Birinci Qarabağ müharibəsində itkin düşənlərin şərəfinə ucalan abidənin, “Şəhid anası” memorial abidə kompleksinin və şəhid məzarlarının önünə tər qərənfillər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Tədbirə qatılan qonaqları milli geyimdə olan məktəblilər salamlayıb, onlara şərbət, duz-çörək ikram edib və baharın gəlişinin simvolu olan səməni bağışlayıblar. Təhsil və mədəniyyət müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından, qədim tarixə malik dulusçuluq, mis məmulatlarından, əl işlərindən, rəsm əsərlərindən ibarət sərgi tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb. Qonaqlar məktəblilərlə yumurta döyüşdürüb, onların səsləndirdikləri haxıştaları, bayatıları, laylaları dinləyiblər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Vətən müharibəsinin şəhidi Ruslan Rüstəmovun övladları və itkin əsgərin anası Ceyran Məmmədova ilə birlikdə alovlandırdığı möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.
Bayram tədbirini açan Bahar qızı, Keçəl, Kosa şənliyə gələn qonaqları salamlayaraq şən və məzəli söhbətləri ilə onlara bayram əhval-ruhiyyəsi bəxş ediblər. El ağsaqqalı Dədə Qorqud qədim el bayramı münasibətilə xalqımıza xeyir-duasını və arzularını bildirib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tarixi minillərlə ölçülən və milli-mənəvi dəyərlərimiz sırasında özünəməxsus yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edib, onlara möhkəm cansağlığı, xoş ovqat, bahar əhval-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb. Təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzi olan Novruz bayramının insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər aşıladığını söyləyib.
Bayram şənliyində Şirvan şəhərinin incəsənət ustaları, mədəniyyət ocaqlarının bədii özfəaliyyət kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Şənlik iştirakçıları milli musiqinin sədaları altında rəqs ediblər.
Şəhərin gənc idmançılarının idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışları izlənilib.
Bayram tədbiri “Cəngi” sədaları ilə başa çatıb.