İDMAN
Sloveniyalı atlet Tadej Cutuk: Birinci Avropa Oyunlarında uğurlu nəticə göstərəcəyimə inanıram
Bakı, 18 iyun, AZƏRTAC
Birinci Avropa Oyunlarında uğurlu nəticə göstərəcəyimə inanıram. Bu Oyunlar səviyyəsinə və əhatə dairəsinə görə möhtəşəm idman tədbiridir. Mən bu yarışda qızıl medal qazanacağıma inanıram. Düşünürəm ki, Azərbaycan bütün dünyaya unudulmaz idman bayramı təqdim edir və mən də bu imkanlardan yararlanacağam.
Bu sözləri iyunun 18-də sloveniyalı atlet, samboçu Tadej Cutuk AZƏRTAC-a müsahibəsində deyib.
Yaponiyada keçirilən sambo üzrə dünya çempionatında yeddinci nəticə göstərdiyini bildirən sloveniyalı atlet birinci Avropa Oyunlarının onun üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Mükəmməl təşkilatçılığa görə Azərbaycana minnətdarlığını bildirən Tadej Cutuk fantastik açılış mərasiminin şahidi olduğunu qeyd edib. Azərbaycanın medal sıralamasında ikinci yerdə olduğunu diqqətə çatdıran idmançı deyib: “Bu yarışlar istənilən digər qitə Oyunlarından daha çox insanın diqqətini cəlb edib. Müşahidələrimə görə standartlardan da üstün Oyunlar təşkil edilib. Atletlər kəndində idmançılar üçün çox gözəl şərait yaradılıb. Təşkilatçılıq bir daha göstərir ki, Azərbaycan bundan da gözəl yarışlara yüksək səviyyədə ev sahibliyi etməyə qadirdir. Xəzər dənizi, İçərişəhər, Qız qalası məndə unudulmaz təəssürat oyatdı. Bu yerlərdən zövq aldım. Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldım. Binalar, tikililər, həm qədim, həm də müasir arxitektura valehedicidir”.