DÜNYA
Soçidə Yaponiyanın Baş naziri ilə Rusiya Prezidentinin görüşü keçirilmişdir
Tokio, 9 fevral (AZƏRTAC). Yaponiya kütləvi informasiya vasitələrinin verdikləri məlumata görə, fevralın 8-də Qış Olimpiya Oyunlarının təşkil olunduğu Soçidə, Rusiya Prezidentinin iqamətgahında Vladimir Putin ilə Yaponiyanın Baş naziri Şinzo Abenin görüşü keçirilmişdir.
Görüşdə V.Putin payızda Yaponiyaya səfər etməyi planlaşdırdığını bildirmişdir. İki ölkənin liderləri razılığa gəlmişlər ki, siyasi dialoq sülh müqaviləsinin imzalanmasında və Yaponiyanın iddia etdiyi Hokkaydo adası yaxınlığındakı dörd ada ilə bağlı ərazi mübahisəsinin həllində tərəqqiyə kömək edər.
Şinzo Abe Rusiya Prezidentinin ötən ilin oktyabrında Asiya-Sakit Okean iqtisadi əməkdaşlığı forumunda sülh müqaviləsinin imzalanması ilə bağlı söylədiklərini xatırlatmışdır.
Vladimir Putin demişdir ki, iqtisadi və digər sahələrdə əməkdaşlıq müqavilənin hazırlanması və imzalanması üçün daha real şərait yaradar.
Baş nazir cavabında bildirmişdir ki, Yaponiya bu istiqamətdə danışıqları davam etdirmək istəyir. Ş.Abe V.Putinin qarşıdakı yüz ildə Uzaq Şərqə investisiya qoyuluşlarını prioritet elan etməsi barədə qərarına toxunmuşdur. Bildirmişdir ki, Yaponiya iqtisadi əlaqələri tibbi xidmət, enerji təminatı, həmçinin şəhər quruculuğu sahəsində layihələrlə inkişaf etdirəcəkdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio