“SOLAR İMPULSE” SINAQDAN UĞURLA ÇIXMIŞDIR
Bakı, 10 aprel (AZƏRTAC). İsveçrədə dünyada günəş enerjisi ilə işləyən ilk təyyarə sınaqdan keçirilmişdir. “Solar İmpulse” adlandırılan təyyarə saatda əlli kilometr sürətlə hərəkət edərək havada təxminən bir saat uçmuşdur.
Təyyarənin yaradıcısı-isveçrəli aeronavt Bertran Pikkar bu il uzun məsafələrə uçuşlar etmək, bir neçə ildən sonra isə Yer ətrafında dövrə vurmaq niyyətindədir.
Nəzərə alsaq ki, təyyarə gecə və gündüz uçacaqdır, onda fotoqalvanik elementlər elektrik enerjisi ilə həm motoru təchiz etməlidir, həm də akkumulyatoru doldurmalıdır.
Maraqlıdır ki, ölçülərinə və qanadlarının kənar nöqtələri arasındakı məsafəyə görə (60 metrdən çox) “Boinq”dən geri qalmayan “Solar İmpulse” cəmi 1,5 ton ağırlığındadır. Təyyarənin yükqaldırma gücü də hələlik çox deyildir. Lakin texnologiya bu sürətlə inkişaf edərsə, günəş enerjisi ilə kütləvi uçuşlar lap yaxın zamanlarda gerçəkləşdiriləcəkdir.