SON 15 İLDƏ ƏLDƏ EDİLMİŞ UĞURLAR ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Bu fikir 15 iyun - Milli Qurtuluş günü münasibətilə Şəkidə keçirilən təntənəli yığıncaqdakı məruzə və çıxışlarda xüsusi vurğulanmışdır.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzmüşlər.
İctimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Milli Qurtuluş gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığını bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevi xatırlayır, ulu öndərin əbədi, ölməz ruhu qarşısında baş əyir, ölkəmizin qüdrətlənməsi, müstəqilliyimizin qorunub möhkəmlənməsi üçün onun həmişəyaşar siyasi kursuna, tövsiyələrinə arxalanır.
Yığıncaqda şəhər icra hakimiyyəti başçısının şöbə müdiri Rəfael Mənəfov ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatında baş vermiş proseslərlə bağlı geniş məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üz-üzə qaldı. Həmin dövrdə iqtidarda olanların səbatsız, səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olan hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış, ölkəni xaos və anarxiya bürümüş, vətəndaş müharibəsi təhlükəsi nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə almışdı. Belə bir dövrdə əsrlər boyu arzulanan güclü Azərbaycan dövlətini qurmaq, xalqımızı problemlər məngənəsindən xilas etmək missiyasını yalnız Heydər Əliyev kimi şəxsiyyət yerinə yetirə bilərdi. Natiq bildirmişdir ki, 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müdrik siyasəti ilə Azərbaycan dövlətçiliyini məhv olmaq təhlükəsindən xilas etdi. Bu səbəbdən Milli Qurtuluş günü Azərbaycan dövlətçiliyinin xilası günüdür.
Tədbirdə səslənən məruzə və çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, son 15 ildə Azərbaycanın ictimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun respublika rəhbərliyinə qayıdışından sonra müxtəlif sahələrdə tənəzzülü dayandırmaq, inkişaf yoluna çıxmaq, eləcə də ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək mümkün olmuşdur. Qurtuluşun sayəsində Azərbaycan özünü bütün dünyada demokratik dövlət kimi tanıtmış, dünya birliyində özünəlayiq yer tutmuşdur.