SİYASƏT
Son vaxtlar Ermənistanın daxilində gedən proseslər bu ölkənin mənəvi cəhətdən süqutuna gətirib çıxarmışdır
Bakı, 6 avqust (AZƏRTAC). Son vaxtlar Ermənistanın daxilində gedən proseslər bu ölkənin mənəvi cəhətdən süqutuna gətirib çıxarmışdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri avqustun 6-da Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlu iyul ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hazırladığı analitik hesabatının təqdimatı ilə bağlı keçirilən mətbuat konfransında demişdir.
Tədbirdə SİTM-in rəhbəri M.Əhmədoğlu bildirmişdir ki, Azərbaycanın bir sıra dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlığı uğurla davam edir. Ölkəmizin getdikcə güclənməsi və regionda lider dövlətə çevrilməsi Ermənistan hakimiyyətində ciddi narahatlıq doğurur. Bu ölkənin hazırkı iqtisadi, siyasi və sosial vəziyyəti barədə məlumat verən politoloq Ermənistanda yaşayıq səviyyəsinin minimuma endiyini xüsusi vurğulamışdır.
M.Əhmədoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunaraq problemin həlli istiqamətində ölkəmizin mövqeyinin dəyişməz olduğunu demişdir. Bu mövqeyin bir sıra dövlətlərin, beynəlxalq təşkilatların rəsmi nümayəndələri ilə keçirilən görüşlərdə bir daha öz təsdiqini tapdığı vurğulanmışdır. Eyni zamanda, münaqişənin tənzimlənməsində vasitəçilik rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyətinin artırılmasının vacibliyinə toxunulmuşdur.
Rusiya-Ermənistan əlaqələrinə münasibət bildirən politoloq qeyd etmişdir ki, ermənilər bu ölkədə kütləvi qırğınla nəticələnmiş avtobus qəzası törətmişlər. Ermənilər Rusiyanın Ermənistandakı səfirinin bu ölkədən qovulmasını tələb etmişlər.
Azərbaycanın Rusiya ilə əlaqələrinin hazırkı vəziyyətinə də münasibət bildirən politoloq demişdir ki, ölkələrimiz arasında əməkdaşlıq əlaqələri gündən-günə inkişaf edir.
Ötən ay ölkəmizdə bütün sahələrdə sürətli inkişafın müşahidə edildiyini diqqətə çatdıran M.Əhmədoğlu vurğulamışdır ki, iyul Azərbaycan üçün bütövlükdə uğurlu ay olmuşdur.
Hesabatda dünyada və regionda cərəyan edən proseslər, həmçinin Azərbaycanın Türkiyə, ABŞ və Gürcüstan ilə münasibətləri də təhlil olunmuşdur.