SOS - KABUS SİQNALI: “TİTANİK”İ NƏ MƏHV ETDİ
1904-cü ildə “Marcony İnt. Company” firması gəmini məruz qaldığı fəlakətdən xəbər verən siqnalın vahid sisteminə keçməyi təklif etmişdi. Vahid siqnal iki hərfdən ibarət idi – CQ (“come quick” – “tez gəlin”). Sonra bir hərf də əlavə olundu – D (“danger” – “təhlükə”) və siqnal belə səslənməyə başladı – CQD – “tez gəlin, təhlükə”. Bu, 1906-cı il oktyabrın 3-də Berlində 29 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən Dəniz konfransında təsdiq edildi.
Sonralar məlum oldu ki, CQD siqnalı veriliş üçün əlverişli deyil: burada həddindən çox işarə var. Ona görə də 1908-ci ildə onu hərflərin ən sadə birləşməsi – SOS ilə əvəzləmək təklif olundu. Belə siqnal özlüyündə kombinasiyadır. “...---...” (üç nöqtə, üç tire, üç nöqtə) və digər siqnallardan fərqli olaraq, pauzasız verilir. İmdad dilənən məşhur haray siqnalı beləcə meydana gəldi. Sonralar bu siqnal barədə əfsanələr yarandı və onu müxtəlif cür yozmağa başladılar – “Save Our Souls” (“Canımızı xilas edin”), “Save Our Ship” (“Gəmimizi xilas edin”), “Stop Other Signals” (“Başqa siqnalları dayandırın”).
Həmin vaxtdan başlayaraq, bütün digər siqnallar efirdə gündə 48 dəfə üç dəqiqəliyə dayandırılırdı. Bu zaman bütün xəbərlər yarımçıq qalır və bütün dünya radistləri fəlakət siqnallarını tutmaq üçün 500 Herts tezliyinə keçirdilər.
İmdad diləyi siqnalından ilk dəfə kimin istifadə etdiyi barədə bir neçə ehtimal var. Onlardan birinə görə, SOS siqnalı efirdə ilk dəfə 1909-cu il iyunun 10-da səslənmişdir. O, Azor adaları yaxınlığında qəzaya uğrayan “Kunard” sərnişin gəmisindən alınmışdı. Digər ehtimala görə, 1912-ci il aprelin 12-də “Titanik” gəmisindən verilmişdi. O vaxt gəminin radisti hər iki siqnalı səsləndirmişdi – SOS və CQD. Lakin, təəssüf ki, siqnalın əhatə zonasında üzən başqa bir gəmidə radist həmin an yerində olmamışdı.
“Titanik”lə və SOS siqnalı ilə daha bir mistik əhvalat bağlıdır. 1972-ci il aprelin 15-də Amerikanın “Teodor Ruzvelt” xətt gəmisi 60 il əvvəl qərq olan gəmidən SOS siqnalı almışdı. Təbii ki, radist təəccüblənmiş və sahilə müraciət etmişdi. Cavab təlaşsız və qəribə olmuşdu: SOS siqnalına reaksiya verməyin, əvvəlki yolla gedin.
Bu əhvalat unudulmadı. “Teodor Ruzvelt”in radisti bu qəribə siqnalın haradan gəldiyini aydınlaşdırmağa çalışdı. O, hərbi arxivlərdə həmkarlarının belə bir xəbərini tapdı ki, onlar da qəribə radioqramlar almışdılar – özü də gərək ki, “Titanik”dən. Bu, 1924-cü, 1930-cu, 1936-cı, 1942-ci illərdə baş vermişdi – siqnal altı ildə bir dəfə gəlmişdir. 1978-ci ildə radist siqnalı artıq xüsusi olaraq gözləyirdi və inandırmağa çalışırdı ki, onu almışdır. “Titanik” əhvalatı onu xəstəxanaya saldı. Lakin 1996-cı ilin aprelində Kanadanın “San” qəzetində belə bir xəbər dərc olundu ki, ölkənin “Kvebek” gəmisi “Titanik”dən növbəti dəfə SOS siqnalı almışdır.
Artıq bundan sonra alimlər həmin əhvalatla maraqlanmağa başladılar. Bir neçə fərziyyə irəli sürüldü. Bəziləri hesab edirlər ki, “məkan-zaman sahəsində radiosiqnal fantomu formalaşıb”. Digərləri güman edirlər ki, “Titanik”dən gələn SOS siqnalının “vaxtı çatmışdır”.
Anomal halları araşdıran bəzi alimlər əmindirlər ki, real “Titanik”in kapitanı Edvard Smit fəlakətdən bir qədər əvvəl özünün SOS siqnalını almışdı. Alimlər onun mat qalmasını və hərəkət xəttini gözlənilmədən dəyişmək cəhdini, habelə imdad siqnalının təxminən iki saat gec verilməsini bununla izah edirlər.
SOS siqnalı ancaq insanların həyatı üçün və ya gəmi üçün labüd təhlükə yarandığı hallarda verilir. Lakin bəzən dənizçilər onu ən heyrətamiz hallarda da alırlar. Məsələn, bir dəfə Niderlandın vəhşi heyvanlar aparan ticarət gəmisindən fəlakət siqnalı verilmişdi. Demə, hansı yollasa qəfəsdən bayıra çıxan şir göyərtədə arxayın-arxayın gəzişirmiş. Odur ki, gəmidəkilər kayutalara girərək qapıları bağlamalı olmuşdular. Radist ümidsizcəsinə imdad siqnalı göndərmişdi: “Silahı olan hər hansı gəmini köməyə çağırıram!”.
Artıq SOS ixtisaslaşdırılmış məhdud dəniz terminologiyası çərçivəsindən kənara çıxmışdır. İndi onun nə demək olduğunu uşaq da bilir. Deyilənlərə görə, qərq olmuş “Kursk” gəmisi məhz SOS siqnalı göndərmişdi. Hərçənd sualtı qayıqçıların öz siqnalı var – SSS.
Buna baxmayaraq, XX əsrin sonuna yaxın dünya fəlakət siqnalı verilməsinin tədricən yeni sisteminə keçməyə başlamışdır – GMDS (ingiliscə: Global Distress Safety System – Qlobal dəniz rabitə sistemi).
Beləliklə, SOS çağırışı ilə vidalaşmaq lazım gəlmişdir.
Lakin Morze əlifbasını və SOS siqnalını hər bir gəminin sükançısı mütləq bilməlidir, çünki gəmidən-gəmiyə informasiya bəzən işıq siqnalları ilə verilir.