İDMAN
Şumaxerin tibbi kartını oğurlamaqda şübhəli bilinən şəxs kamerada özünü asıb
![Şumaxerin tibbi kartını oğurlamaqda şübhəli bilinən şəxs kamerada özünü asıb](/files/2014/2/1200x630/14087125475332025523_1200x630.jpg)
Bakı, 7 avqust (AZƏRTAC). AzərTac xarici KİV-lərə istinadla xəbər verir ki, “Formula-1” avtoyürüşlərinin yeddiqat çempionu Mixael Şumaxerin tibbi kartını oğurlamaqda şübhəli bilinən şəxs həbs ediləndən sonra özünü asıb.
İyun ayının axırlarında belə bir xəbər yayıldır ki, bir nəfər cinayətkar Şumaxerin tibbi kartını Qrenobl xəstəxanasından oğurlayıb və həmin kartdakı məlumatları kütləvi informasiya vasitələrinə satmağa başlayıb.
“Kaqemusya” təxəllüslü naməlum şəxs Almaniya, İngiltərə və Fransanın KİV-lərinə məlumatlar göndərərək Şumaxerin tibbi kartını 50 min avroya almağı təklif edirdi.
Kimliyi bildirilməyən şübhəli şəxs çərşənbə günü həbsxanada öz kamerasında asılmış vəziyyətdə tapılıb. Bu insan iyun ayında Şumaxeri Qrenobldakı hospitaldan Lozannadakı klinikaya aparan helikopter şirkətində işləyirdi.
Xatırladaq ki, 2013-cü il dekabr ayının 29-da Şumaxer Alp dağlarının Fransaya aid hissəsində xizək sürərkən başından ağır zədə alıb. İdmançı o vaxtdan süni koma vəziyyətində idi. Aprel ayında onun vəziyyətində bir qədər irəliləyiş müşahidə olunmağa başlayıb. Zaman keçdikcə onun komadan ayılma fazaları daha sürəkli olurdu. O, səsləri eşidir, təmaslara reaksiya verirdi.