Sumqayıt Regional Mədəniyyət İdarəsinin müəssisələrində Aprel şəhidlərinə həsr olunmuş silsilə tədbirlər keçirilir
Sumqayıt, 4 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində Aprel şəhidlərinin xatirəsi anılıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, şəhər S. Vurğun adına Mərkəzi Kitabxanada Mərkəzi Kitabxana Sisteminə (MKS) daxil olan kitabxanaların oxucuları arasında bədii qiraət müsabiqəsi keçirilib. Metodist Natəvan Axundzadə müsabiqənin məqsədi, əhəmiyyəti və şərtləri barədə məlumat verib, münsiflər heyətini təqdim edib. Sonra müsabiqə iştirakçılarının ifasında şairlərin Vətənə, qəhrəmanlara həsr olunmuş şeirləri dinlənilib.
Münsiflərin yekdil rəyinə görə birinci yerə Ə.Vahid adına kitabxananın oxucusu Roza Xəlilova, ikinci yerə S.Vurğun adına kitabxananın oxucusu Mehrəngiz Qurbanova və MKS-nin Uşaq şöbəsinin oxucusu Ayan Ağayeva, üçüncü yerə isə Uşaq şöbəsinin oxucusu Fidan Cavadlı və Mərkəzi Uşaq Kitabxanasının oxucusu Əminə Bağırova layiq görülüblər.
Sonda Sumqayıt şəhər MKS-nin direktoru, Əməkdar mədəniyyət işçisi Yeganə Əhmədova müsabiqənin qaliblərini təbrik edib, onlar fəxri fərmanla mükafatlandırılıblar.
Mərkəzi Uşaq Kitabxanasında “Unudulmaz el yolunda canı qurban olanlar” adlı xatirə günü də keçirilib.
Kitabxananın multimedia mütəxəssisi Leyla Mahmudova Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən, onun tarixi əhəmiyyətindən danışıb, Milli Qəhrəman Murad Mirzəyev və sumqayıtlı igidlər - Raquf Orucov, Əbdülməcid Axundov, Şulan Bayramov, Murad Məmmədov, Seymur Baxışovun qısa, lakin şərəfli ömür və döyüş yolları haqqında məlumat verib.
Sonra mövzu ilə əlaqədar çıxışlar dinlənilib, oxucuların ifasında “Şəhidlər Vətənin qələbə rəmzi” adlı kompozisiya, Aprel döyüşlərinə həsr edilmiş videoslayd və videofilm nümayiş olunub, kitab sərgisi haqqında məlumat verilib.
Digər tədbir Bülbül adına Uşaq İncəsənət Məktəbində reallaşıb. Burada Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundovun xatirə gecəsi keçirilib. Əvvəlcə şəhər “Şəhidlər xiyabanı” kompleksi ziyarət olunub, şəhidin məzarı önünə tər güllər düzülüb.
Şəhidin qısa ömür yolu və şücaəti barədə danışılıb, şəhidin anası Ceyran Axundova çıxış edərək oğlu haqqında xatirələrini bölüşüb. Sonda şəhidə həsr edilmiş “Mən səninləyəm Ana Vətən” adlı film nümayiş etdirilib.
C. Cabbarlı adına mədəniyyət evinin kollektivi Şəhidlər xiyabanında anım tədbiri keçiriblər. Tədbirdə Aprel döyüşləri, zabit və əsgərlərimizin qəhrəmanlığı, qazanılan qələbələrdən danışılıb. Sonra mədəniyyət evinin dərnək üzvlərinin ifasında şəhidlərə həsr olunmuş şeirlər dinlənilib.
Giləzi qəsəbəsində doğulmuş, Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş Ravil Novruzovun məzarı önündə də anım tədbiri keçirilib. Tədbirdə Xızı rayon Giləzi qəsəbə Mikayıl Müşfiq adına orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Mönsüm Bağırov çıxış edərək Aprel döyüşləri və şəhid Ravil Novruzovun qəhrəmanlığından danışıb. Sonra yaxınları şəhidlə bağlı xatirələrini bölüşüblər. Ravil Novruzovun anası Nargilə Novruzova tədbir iştirakçılarına təşəkkürünü bildirib. Sonda şagirdlərin ifasında şəhidə həsr olunmuş şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.