CƏMİYYƏT
Sumqayıt Regional Mərkəzi nəzəri-praktiki tədbir keçirmişdir
Bakı, 3 mart (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhərindəki 9 nömrəli orta məktəbdə “1 mart - Beynəlxalq Mülki Müdafiə Günü” ilə bağlı nəzəri-praktiki tədbir keçirmişdir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə “Fövqəladə hallar zamanı davranış qaydaları”, “Məktəbi yanğından qoruyun”, “Zərərçəkmiş insanlara ilk tibbi yardımın göstərilməsi” və “112 qaynar telefon xətti təhlükəsizliyimizin qarantıdır” mövzularında çıxışlar edilmiş, həmçinin nazirliyin fəaliyyətini əks etdirən video çarx və fotoslaydlar nümayiş etdirilmişdir.
Daha sonra tədbirin praktiki hissəsinə başlanılmışdır. “Həyəcan!” siqnalı verilmiş və 400 şagird 2 dəqiqə ərzində məktəbdən təxliyə olunmuşdur.
Eyni zamanda, FHN Sumqayıt Regional Mərkəzinin qüvvə və texnikalarına əyani baxış keçirilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişlər.
Mərkəzin əməkdaşları məktəbin 6-cı siniflərində təşkil olunmuş açıq Mülki Müdafiə dərslərində iştirak etmiş, şagirdlərə mülki müdafiə haqqında ətraflı məlumat vermişlər.