REGİONLAR
Sumqayıtda “BİZ” filmi nümayiş olunub
![](/files/galleryphoto/2022/1/1200x630/16464841534670055599_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646484153910943768_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646484153312358108_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646484153894148362_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/16464841531805261541_1200x630.jpg)
![](/files/galleryphoto/2022/1/1200x630/1646484153610025149_1200x630.jpg)
Sumqayıt, 5 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsində şanlı Zəfərimizə həsr olunan “BİZ” tarixi-sənədli filminin təqdimatı keçirilib. Film Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzinin və C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalıdır. Təqdimat mərasimində filmin yaradıcı heyəti də iştirak edib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Bakı Media Mərkəzinin icraçı direktoru, “BİZ” tarixi-sənədli filminin ideya müəllifi və rejissoru Orman Əliyev, yazıçı-ssenarist Hafiz Ataxanlı çıxış ediblər. Bildirilib ki, 41 dəqiqəlik ekran əsəri Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr olunub. Filmdə Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qəhrəmancasına döyüşən Azərbaycan əsgərinin, eləcə də arxa cəbhədə vətənpərvər sadə vətəndaşların bu tarixi Qələbənin əldə olunmasında rolu əks etdirilib.
Sənədli filmin süjet xəttində müharibə dövründə fenomenə çevrilən, sosial şəbəkələrdə fikri, fotosu, videosu ən çox paylaşılan, ən çox müzakirə olunan sadə insanların müsahibələrinə yer verilib. Müharibədə baş verən taleyüklü hadisələri məhz onlar və həmin anın şahidləri - əsgərlər, həkimlər, təqaüdçülər, blogerlər, jurnalistlər danışır və həmin vaxt keçirdikləri hissləri tamaşaçı ilə bölüşürlər.
Film karantin qaydalarına uyğun şəraitdə nümayiş olunub. Təsirli səhnələrlə yada qalan film tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Filmin nümayişindən sonra söhbət zamanı Orman Əliyev bildirib ki, 44 gün bizim üçün həm böyük, həm qısa müddət oldu: “Vətən müharibəsi dövrü hər birimiz üçün gərgin keçdi. Yaradıcı insan kimi mən də həmin dövrdə yaradıcı axtarışda idim, öz fikrimi bildirmək haqqında düşünürdüm. İnsanların hamısında bir həyəcan olduğunu müşahidə edirdim... Mən “hansı formatdan istifadə edim”, “hadisələri hansı formatda təqdim edim” - deyə çox düşünürdüm. Uzun müddət sosial şəbəkələrdə yayılan materialları, xalq arasında məşhurlaşan videoları izlədim. Beləliklə filmin ideyası yarandı. Qarabağı qaytarmaq istəyimiz göstərdi ki, biz bütöv olmaq üçün çalışdıq və bacardıq. Bizi “BİZ” edən də bax budur!”.