İDMAN
Sürətli fərdi veloyürüşün qalibləri məlum olub
Bakı, 18 iyun, AZƏRTAC
Birinci Avropa Oyunları çərçivəsində Bilgəh qəsəbəsində velosipedçilər arasında sürətli fərdi yürüşün iştirakçıları iki dəst medal uğrunda mübarizə aparırdı. Əvvəlcə qadınlar trasa çıxıblar. Uzunluğu 25,1 km olan bu trasda yarışan 30 iştirakçısı arasında Azərbaycanı təmsil edən Yelena Pavluxina da vardı.
Hollandiya idmançısı Ellen Van Diyk 32 dəqiqə 26 saniyə nəticə göstərərək yürüşün qalibi olub. İkinci yeri Ukrayna idmançısı Janna Solovey tutub (33 dəqiqə 03 saniyə). Hollandiya nümayəndəsi Annemyek Van Vliten isə 33 dəqiqə 33 saniyə nəticə göstərərək bürünc medal qazanıb. 33 dəqiqə 57 saniyə nəticə göstərən Azərbaycan nümayəndəsi Yelena Pavluxina 6-cı yerlə kifayətlənib.
Sonra trasa kişilər çıxıblar. 50,09 km məsafəyə sürətli fərdi yürüşdə Belarus idmançısı Vasili Kiriyenko qalib gəlib (59 dəqiqə 36 saniyə). 2-ci yeri hollandiyalı Stef Klement (1 saat 46 saniyə) 3-cü yeri isə ispaniyalı Luis Leon Sançes Gil tutub (1 saat 1 dəqiqə 08 saniyə).
Azərbaycan təmsilçisi Elçin Əsədov finiş xəttinə çata bilməyib. Elçin cəmi 12,9 km məsafə qət edəndən sonra mübarizəni dayandırmağa məcbur olub. Bu isə distansiyanın üçdə bir hissəsindən də azdır.