MƏDƏNİYYƏT
“Şuşa Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markasının möhürlənməsi mərasimi keçirilib VİDEO
![](/files/galleryphoto/2023/3/1200x630/16972789024421028922_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1697278902589712450_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972789026300543491_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972789022261748540_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972789036459046264_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16972789036336453545_1200x630.jpg)
Şuşa, 14 oktyabr, AZƏRTAC
I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində oktyabrın 14-də “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı" adlı poçt markası “Birinci gün zərfi”nin rəsmi möhürlənmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, markalara TÜRKSOY-un Baş katibi Sultan Raev və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən möhür vurulub, imzalar atılıb.
"Azərpoçt" MMC-nin Marka şöbəsinin müdiri Sitarə Hüseynova poçt markasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərpoçt" MMC tərəfindən TÜRKSOY Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi münasibətilə hazırlandığını bildirib.
Qeyd edib ki, buraxılış 1 markadan ibarət blok şəklində, 5000 tirajla hazırlanıb. Blokun üzərində "Şuşa-2023" loqosu, TÜRKSOY-a üzv ölkələrin bayraqları və Şuşanın atributları həkk olunub. Markadakı təsvirlər rəssam Orxan Qarayevə məxsusdur.
Xatırladaq ki, ötən il Şuşa şəhərinin 270 illik yubileyi ilə bağlı 21 növdə müxtəlif poçt markaları dövriyyəyə buraxılıb. Həmin markaların üzərində Şuşanın tarixi, mədəniyyəti və görkəmli xadimləri ilə bağlı məlumat öz əksini tapıb. Bununla bağlı “Şuşa poçt markalarında” adlı kitab da nəşr olunub.