HEYDƏR ƏLİYEV - 1
Tahir Budaqov: Ulu Öndər milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirib
![Tahir Budaqov: Ulu Öndər milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirib](/files/2023/3/1200x630/16978890631255913007_1200x630.jpg)
Bakı, 21 oktyabr, AZƏRTAC
Ulu Öndərin Azərbaycanın parlaq gələcəyi naminə müstəsna xidmətlərindən biri tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına və zamanın çağırışlarına uyğun gənclər siyasətinin həyata keçirilməsidir. Gəncləri Azərbaycanın bu günü, sabahı və ümidi adlandıran Heydər Əliyev həm SSRİ dönəmində, həm də müstəqillik dövründə respublikamıza rəhbərlik etdiyi zaman intellektual, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gəncliyin yetişməsinə xüsusi diqqət yetirmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O bildirib ki, gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi və digər addımlar müdrik dövlət xadiminin gəncliyin inkişafına xüsusi diqqət və qayğısının bariz nümunəsi kimi mühüm əhəmiyyətə malikdir. Bunlarla yanaşı, Heydər Əliyevin 1999-cu il iyulun 29-da “Dövlət gənclər siyasəti haqqında” Fərman imzalaması respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün imkanların genişləndirilməsi baxımından böyük önəm daşımışdır. Bir sözlə, Ulu Öndər gənclər siyasəti sahəsində önəmli qərarlar qəbul etməklə, mühüm fərman və sərəncamlar imzalamaqla bugünkü - müasir, qüdrətli və qalib Azərbaycanın sağlam bünövrəsini yaradıb.