SİYASƏT
Talqat Kaliyev: Astana və Bakı arasında münasibətlərin dinamikası TDT-də qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə də təkan verəcək
![Talqat Kaliyev: Astana və Bakı arasında münasibətlərin dinamikası TDT-də qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə də təkan verəcək](/files/2023/1/1200x630/16812891252850250447_1200x630.jpg)
Bakı, 12 aprel, N.Məmmədova, AZƏRTAC
Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan liderinin Qazaxıstana səfəri uğurlu və məhsuldar olub. Hər iki ölkə prezidentlərinin mülahizələrinin tonallığına görə, görüşün atmosferi xalqlarımız arasında tarixən formalaşmış qardaşlıq və etibarlı münasibətlər ruhunda idi. Mürəkkəb geosiyasi vəziyyət və beynəlxalq vəziyyətin getdikcə artan gərginliyi şəraitində qonşu və qardaş respublikalar arasında bu cür münasibət xüsusi dəyər əldə edir.
Bu fikirləri AZƏRTAC-a qazaxıstanlı politoloq, siyasi elmlər doktoru Talqat Kaliyev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Qazaxıstana səfərinin və Astanada keçirdiyi görüşlərin yekunlarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, imzalanan sənədlər müttəfiqlik münasibətlərinin müntəzəm genişləndirilməsinin yeni mərhələsidir və iqtisadiyyat, nəqliyyatdan tutmuş mədəni-humanitar, elmi və informasiya sahəsinədək geniş spektri əhatə edir. Ekspert əmindir ki, belə kompleks yanaşma hər iki ölkə üçün birbaşa iqtisadi təsirlə yanaşı möhkəm sinergiyanı da təmin etməlidir.
“Türk Dövlətləri Təşkilatının (TDT) fəal və ardıcıl iştirakçıları olan Qazaxıstan və Azərbaycan çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, bir-birinə yaxın olmaq üçün yeni imkanlar açılması sahəsində təşəbbüslər göstərirlər. Buna görə də Qazaxıstan və Azərbaycan arasında münasibətlərin dinamikası TDT-də qarşılıqlı əməkdaşlığın möhkəmlənməsinə də təkan verəcək. Əlbəttə, Avrasiya məkanında kəskin hərbi münaqişələr, bütün beynəlxalq vəziyyətin getdikcə artan gərginliyi şəraitində möhkəmlənən TDT bütün qitə üçün dayanıqlıq və sabitlik qütblərindən birinə çevrilə bilər və çevrilməlidir”, - deyə agentliyin müsahibi bildirib.