ELM VƏ TƏHSİL
Tarix fənni üzrə qəbul imtahanları üçün proqram təsdiq edilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Tarix fənni üzrə elmi-metodiki seminarda 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqramın təsdiqi və 2015-ci ildə ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə aparılmış qəbul imtahanında istifadə edilmiş test tapşırıqları ilə bağlı müzakirələr olub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, TQDK-da keçirilmiş bu seminarda Bakı və Sumqayıt şəhərlərinin orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, həmçinin internetlə videobağlantı əsasında Komissiyanın Gəncə, Şəki, Göyçay və Ağcabədi regional bölmələrində həmin bölgələri təmsil edən fənn müəllimləri də iştirak ediblər.
Test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, çətinlik dərəcəsi və qabiliyyət göstəricilərinə görə təhlil edilib.
Tarix fənni üzrə 2016-cı ildə ali təhsil müəssisələrinə keçiriləcək qəbul imtahanları üçün proqram təkliflər nəzərə alınmaqla təsdiq olunub. Proqram 2016-cı ildə “Abituriyent” jurnalında dərc ediləcək.
Oktyabrın 22-də test tapşırıqlarının müzakirəsi davam etdiriləcək.