Tarix və Etnologiya İnstitutunda Azərbaycanın enerji infrastrukturunun tarixinə dair dəyirmi masa təşkil edilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın enerji infrastrukturu: BTC və BTƏ kəmərləri – 20 il” mövzusunda dəyirmi masa təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın enerji strategiyasının qlobal mahiyyət kəsb etməsindən, müasir dövrdə Azərbaycanın əsas rolundan və qoşulduğu beynəlxalq əhəmiyyətli enerji layihələrdən bəhs edib.
Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Azərbaycanın enerji diplomatiyasında BTC və BTƏ layihələrinin rolu” mövzusunda çıxış edərək Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələrinin əhəmiyyətindən danışıb. Şöbə müdiri deyib ki, bu layihələr ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etməklə yanaşı, onun geosiyasi əhəmiyyətini artırıb. Azərbaycanın enerji diplomatiyası regionda əməkdaşlığın güclənməsinə və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Şöbənin böyük elmi işçisi Lətifə Əsgərova-Surxalızadə “BTC və BTƏ kəmərlərinin yaranma tarixi və strateji əhəmiyyəti” mövzusunda çıxış edib. Məruzədə enerji layihələrinin reallaşma mərhələləri və bu layihələrin region, eləcə də dünya üçün əhəmiyyəti geniş təhlil olunub.
Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçisi dosent Alı Balayev “BTC və BTƏ kəmərlərinin sosial-iqtisadi təsiri” mövzusunda çıxış edərək bu layihələrin ölkə iqtisadiyyatına, məşğulluğa və regional inkişafa verdiyi töhfələrdən danışıb.
Dəyirmi masa mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.