TARİXİ ŞƏXSİYYƏT, DAHİ RƏHBƏR
Hər bir xalqın tarixini onun müdrik, uzaqgörən və qəhrəman oğulları yazıb yaradırlar. Bu mənada iftixar hissi ilə demək olar ki, türk dünyasının böyük oğlu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tariximizin möhtəşəm bir dövrünə əbədi imza atmış, zamanın rəmzinə çevrilmişdir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu ifadələr ümummilli liderin 85 illik yubileyi ilə əlaqədar Zərdabda Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Dövlət Neft Akademiyasının birgə təşkil etdikləri konfransda səsləndirilmişdir.
Tədbirdən əvvəl ulu öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət edilmiş, önünə çiçəklər qoyulmuşdur.
Rayon icra hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi Lütvəli Babayev, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Jalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, şahmat üzrə dünya çempionu Aynur Sofiyeva, AMEA-nın akademikləri Fuad Qasımzadə, Vasim Məmmədəliyev, Teymur Bünyadov, Dövlət Neft Akademiyasının kafedra müdiri, texnika elmləri doktoru, professor Kamal Abdullayev, kafedra müdiri, iqtisad elmləri doktoru, professor Təbriz Əliyev çıxış etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri, ayrı-ayrı məqamları barədə danışmışlar. Qeyd olunmuşdur ki, öz xalqını ürəkdən sevən, bütün ömrünü Azərbaycana həsr edən bu tarixi şəxsiyyət 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra SSRİ məkanında bütün sahələrdə geridə qalan bir diyarın - Azərbaycanın həyat ahəngi tez bir zamanda dəyişdi. Məhz 1969-cu ildən başlayaraq Azərbaycan hər sahədə, o cümlədən elm, təhsil sahələrində böyük inkişaf yoluna qədəm qoydu. Gənclər ölkənin ən məşhur ali məktəblərinə, o cümlədən Moskvanın, Leninqradın elmi ocaqlarına göndərilir, yüksək ixtisaslar qazanırdılar.
Çıxışlarda ulu öndərin müasir, müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafındakı misilsiz xidmətlərindən, bu zaman onun nümayiş etdirdiyi cəsarətdən, siyasi iradədən, zəngin dövlətçilik təcrübəsinin heyrətamiz məziyyətlərindən geniş söz açılmışdır.
Konfransda vaxtilə “Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir” deyən ulu öndərin bu müstəqilliyin qorunması, dövlətimizin bugünkü və gələcək inkişafı üçün misilsiz xidmətləri bir daha qeyd olunmuşdur. Azərbaycan üçün İlham Əliyev kimi varis, siyasi və dövlət xadimi yetişdirən bu dahi şəxsiyyətin ideyalarının möhtəşəmliyi xüsusilə vurğulanmışdır. Diqqətə çardırılmışdır ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, ölkəmiz regionun ən qüdrətli dövlətinə çevrilmişdir. Bu, ümummilli liderimizin ideyalarının təntənəsi, Prezident İlham Əliyevin misilsiz xidmətlərinin, gərgin fəaliyyətinin bəhrəsidir.