İDMAN
TASS Bakıda üzərində Avropa Oyunlarının rəmzləri olan malların satışı haqqında
Moskva, 16 iyun, AZƏRTAC
Avropa Oyunlarında yarışların üç günü ərzində “Bakı-2015” rəsmi mağazalarında üzərində Avropa Oyunlarının rəmzləri olan malların satışından əldə edilmiş məbləğ 400 min manatdan çox olub.
Rusiyanın TASS informasiya agentliyinə bu məlumatı Azərbaycan paytaxtındakı idman obyektlərinin birində yerləşən ticarət məntəqəsinin meneceri verib.
TASS müxbirinin müsahibi deyib: ““Bakı-2015” rəsmi mağazalarının vahid kompyuter bazası vardır. Ona görə də deyə bilərəm ki, bazar ertəsi axşama olan məlumata görə, üzərində Avropa Oyunlarının atributları təsvir edilmiş malların satışından əldə edilən məbləğ 400 min manatdan bir qədər artıq olub. Azarkeşlər Azərbaycan bayrağını daha çox alırlar. Bu gün səhər bizdə 1000 bayraq vardı, axşama isə, gördüyünüz kimi, cəmi 1 bayraq qalıb, o da vitrindədir”.
Bazar ertəsi alıcıların əksəriyyəti qadınlar və uşaqlar olub. Menecer bu fakta münasibətini belə bildirib: “Görünür, indi kişilər işdə pul qazanır, onların xanımları və uşaqları isə bizim mağazalara gəlirlər. Sabah bu adamlar öz sevimli idmançılarına azarkeşlik edəcəklər”.
TASS müxbirinin müsahibi onun stendində alverin gedişindən razı olduğunu bildirib. O deyib: “Yarışlar hələ təzə başlayıb, ümumi mədaxilimiz hər gün artır. Bütün azarkeşləri sakitləşdirə bilərəm: üzərində Avropa Oyunlarının rəmzləri olan mallar çox hazırlanıb və hamıya çatar”.
Üzərində yarışların talismanlarından biri - bənövşəyi rəngli Nar təsvir edilmiş futbol köynəkləri də çox alınır. TASS agentliyinə müsahibə verən şəxs deyib: “Oyunların digər talismanı - Ceyran təsvir edilən mallarla müqayisədə Nar şəkli çəkilmiş mallar daha yaxşı alınır. Bunun nə ilə bağlı olduğunu izah etməyə çətinlik çəkirəm, lakin üzərində nar təsvir edilmiş malları hər dəfə əlavə sifariş etməli oluruq”.
“Armudu” stəkan dəstinə də tələbat çoxdur. Üzərində Oyunların rəmzləri olan “Armudu” stəkan dəstinin qiyməti xeyli yüksəkdir - 25 manat. Bu gün ən bahalı mal isə qiyməti 50 manat olan nərd oyunu dəstidir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva