TBİLİSİDƏ AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN YUBİLEYİ İLƏ BAĞLI SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tbilisidəki “Kouala” sərgi salonunda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunmuş “Azərbaycan rəssamlarının rəsmlərində qadın obrazı” adlı sərgi açılmışdır.
Sərgidə Azərbaycanın görkəmli rəssamları Tahir Salahov, Mikayıl Abdullayev, Salam Salamzadə, Ələkbər Rzaquliyev və başqalarının 37 rəsm əsəri nümayiş etdirilir. Salonun görməli yerində Zərifə xanım Əliyevanın böyük portreti asılmışdır.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev demişdir ki, səfirlik ulu öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın 85 illik yubileyləri ilə əlaqədar silsilə tədbirlər keçirməyi planlaşdırmışdır. Bu sərgi onlardan birincisidir. Aprelin 28-dən etibarən səfirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə Qax Kukla Teatrının Borçalı bölgəsinə qastrol səfərləri başlanacaqdır. Mayın 2-də Tbilisidəki Pirosman sərgi salonunda ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş geniş fotosərgi açılacaq, həmçinin Zərifə xanım Əliyevaya həsr olunmuş marka və zərflər nümayiş etdiriləcəkdir. Mayın 10-da yenə də həmin salonda Gəncədəki “Gənc Heydərçilər” uşaq rəsm qalereyası təmsil olunacaqdır.
Səfir Zərifə xanım Əliyevanın tibb elminə töhfələri barədə məlumat vermişdir.
Sərgiyə tamaşa edən Gürcüstan Prezidentinin xanımı Sandra Rulofs nümayiş etdirilən rəsmlərdə qadın obrazının gözəl əks olunduğunu vurğulamış, ölkələrimiz arasındakı yüksək münasibətlərə prezidentlərimizin dostluğunun xüsusi təsir göstərdiyini bildirmişdir.
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru Ramiz Həsənov, Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobişvili, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri sərgiyə tamaşa etmişlər.