Tbilisidə beynəlxalq “Caspian Energy Forum-2018” keçirilir
Tbilisi, 8 may, AZƏRTAC
Mayın 8-də Tbilisidə beynəlxalq “Caspian Energy Forum-2018” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Caspian Energy Forum Tbilisi-2018” Azərbaycan və Gürcüstan dövlətlərinin yaranmasının 100 illiyinə, həmçinin Xəzər-Qara dəniz regionunda həyata keçirilən müasir enerji və iqtisadi siyasətin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.
“Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib ki, V Beynəlxalq “Caspian Energy Forum Tbilisi-2018”ə Gürcüstan hökuməti, Azərbaycan hökuməti və “Caspian European Club” rəsmi dəstək verir.
Telman Əliyevin sözlərinə görə, Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində ildə bir neçə dəfə təşkil olunur və biznes-hakimiyyət dialoqunun fəallaşması, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin yaranması, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, eləcə də biznesmenlər arasında qlobal əməkdaşlıqda maraqlı olan investor, ekspert və analitiklər üçün ənənəvi meydan rolunu oynayır.
“Caspian Energy Forum Tbilisi-2018”də sıralarında Gürcüstan və Azərbaycanın hökumət üzvlərinin, Xəzər-Qara dəniz və Baltik regionunun dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətləri və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 17 ölkədən 300-dən çox nümayəndə iştirak edir.
Forumda Gürcüstanın iqtisadiyyat nazirinin müavini Romeo Mikautadze, Türkiyənin Gürcüstandakı səfiri Fatma Geren Yazgen və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışıblar.
Forum çərçivəsində “Caspian Energy” jurnalının xüsusi buraxılışının da təqdimatı olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi